Azərbaycan alternativsiz tərəfdaşa çevrilir- Deputat
Bu gün regional və qlobal səviyyədə nəqliyyat, logistika və əlaqələndirmə məsələləri iqtisadiyyat, ticarət və strateji təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı tərəfdaş ölkədir. Bu rol, yalnız regionun deyil, dünya iqtisadiyyatının və tranzit imkanlarının inkişafı baxımından da böyük önəm daşıyır.
Prezident İlham Əliyev qeyd edib ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələr yalnız ticarət və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda strateji marşrutların, nəqliyyat dəhlizlərinin və regional tranzit sistemlərinin formalaşmasında həlledici rol oynayır. Azərbaycanın C5 ölkələri ilə C6 çərçivəsində əlaqələrinin gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi, ölkəmizin regional körpü funksiyasını daha da möhkəmləndirir.
Dövlət başçısının sözlərinə görə, mövcud geosiyasi vəziyyət fonunda Qərb üçün alternativ marşrutlar məqbul hesab oluna bilməz. Bu baxımdan Azərbaycan canlı körpü və etibarlı tərəfdaş kimi, böyük layihələri icra edə bilən və regionun iqtisadi, logistika və tranzit mərkəzlərindən birinə çevrilən ölkə statusunu artıq praktikada təsdiqləyir. Prezidentin vurğuladığı təşəbbüslər həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də dost ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirir.
Beləliklə, Azərbaycanın strateji mövqeyi və aktiv regional iştirakçılığı, yalnız Mərkəzi Asiya ilə Qərb arasında etibarlı körpü rolunu deyil, eyni zamanda, bölgədə iqtisadiyyatın inkişafına və beynəlxalq ticarət marşrutlarının formalaşmasına mühüm töhfə verir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Cənab Prezidentin hər ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibələr artıq formalaşmış bir siyasi ənənə xarakteri alıb. Bu müsahibələr faktiki olaraq cari il üçün yol xəritəsi rolunu oynayır və qarşıda duran prioritet məsələlər, əvvəlki illərdə görülən işlər, əldə edilən uğurlar və mövcud problemlər Prezident tərəfindən sistemli şəkildə ictimaiyyətə çatdırılır. Hər dəfə bu müsahibələrdə səsləndirilən fikirlər cəmiyyətdə və ekspert dairələrində böyük maraq doğurur.
Cənab Prezidentin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya, Avropa və Asiya məkanları arasında strateji körpü rolunu oynamasıdır. Hamımıza məlumdur ki, Azərbaycan Orta Dəhlizin cənub qolunda yerləşir və bu baxımdan Mərkəzi Asiya ölkələri üçün son dərəcə mühüm və etibarlı tərəfdaşdır.
Zəngəzur dəhlizinin açılması isə bu strateji mövqeyi daha da gücləndirir. Sözügedən dəhliz Orta Dəhlizin vacib tərkib hissəsi olan və “Tramp marşrutu" kimi xarakterizə edilən xəttin formalaşmasına xidmət edir. Bu marşrut həm dəmir yolu, həm də quru nəqliyyatı vasitəsilə Azərbaycanın regional tranzit imkanlarını genişləndirəcək və ölkəmizin körpü rolunu daha aydın şəkildə ortaya qoyacaq.
Nəticə etibarilə Mərkəzi Asiya ölkələrindən Avropaya, Asiyaya, Yaxın Şərqə və əks istiqamətlərdə yükdaşımaların həyata keçirilməsində Azərbaycan əsas logistika mərkəzi – hub kimi çıxış edəcək. Yüklərin Azərbaycan ərazisində toplanması və buradan müxtəlif marşrutlar üzrə paylanması ölkəmizin tranzit əhəmiyyətini daha da artırır. Bu marşrutlar sırasında Avropaya çıxış, Naxçıvan və Türkiyə üzərindən daşımalar, eləcə də İran vasitəsilə Körfəz ölkələrinə gedən yollar xüsusi yer tutur. Məhz bu coğrafi üstünlük Azərbaycanı alternativsiz tərəfdaşa çevirir.
Bu strateji yanaşmanın memarı isə, şübhəsiz ki, cənab Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizinin açılması ilə dünyanın ən rentabelli və perspektivli nəqliyyat marşrutlarından biri formalaşacaq. Bu gün də cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiyadakı qardaş ölkələrlə birgə bir sıra uğurlu regional layihələr həyata keçirir".
Deputat, həmçinin əməkdaşlığın yalnız nəqliyyat və logistika ilə məhdudlaşmadığını qeyd edib:
"Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi layihəsi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan, Özbəkistan və Qazaxıstan prezidentlərinin birgə imzaladığı sənədlər bu layihənin reallaşmasına siyasi iradənin mövcud olduğunu göstərir və artıq praktiki işlərə başlanılıb. Bu layihə regionun rəqəmsal inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.Ümumiləşdirərək qeyd etmək olar ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına tam hüquqlu üzv olması cənab Prezidentin həyata keçirdiyi uğurlu regional və qlobal siyasətin məntiqi nəticəsidir. Eyni zamanda bu, dost ölkələrin Azərbaycana göstərdiyi etimadın və beynəlxalq münasibətlər sistemində ölkəmizin artan rolunun göstəricisidir. Yeni qlobal çağırışlar fonunda Azərbaycanın vazkeçilməz aktor kimi çıxış etməsi və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq modeli bu üzvlüyü zəruri edib. Yekun olaraq demək olar ki, Azərbaycan bu gün həm Mərkəzi Asiya ölkələri, həm də digər beynəlxalq marşrutlar üzrə iqtisadi, ticarət və logistik proseslərdə mühüm aktor kimi mövqeyini daha da möhkəmləndirir. Bu isə dost ölkələrlə birlikdə yeni nəqliyyat yollarının formalaşması, mövcud marşrutların inkişaf etdirilməsi və nəticə etibarilə region ölkələrinin iqtisadiyyatına ciddi töhfələrin verilməsi deməkdir".
Elmir Heydərli
10:10 10.01.2026
Oxunuş sayı: 13615