Azərbaycanın Suriya ilə münasibətlərə önəm verməsi düşünülmüş və strateji bir addımdır - Deputat
Azərbaycanla Suriya arasında ikitərəfli iqtisadi münasibətlərin mərhələli şəkildə bərpası və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar formalaşmaqdadır. Qarşılıqlı maraqlara əsaslanan ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və biznes mühitinin canlandırılması məqsədilə institusional əməkdaşlıq mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan–Suriya İşgüzar Şurasının təsis olunması təşəbbüsü iki ölkə arasında iqtisadi əlaqələrin daha sistemli və davamlı şəkildə inkişafına xidmət edən mühüm addım kimi dəyərləndirilir.
Nəzərdə tutulan İşgüzar Şura çərçivəsində ticarət, investisiya, informasiya texnologiyaları, tikinti, istehsal, sənaye, xidmət və digər prioritet sahələr üzrə əməkdaşlıq imkanlarının araşdırılması, birgə layihələrin təşviqi və sahibkarlar arasında birbaşa əlaqələrin qurulması məqsəd qoyulur. Bu təşəbbüs, həmçinin yerli şirkətlərin yeni bazarlara çıxışının asanlaşdırılması, ixrac potensialının artırılması və qarşılıqlı investisiya mühitinin formalaşdırılması baxımından da mühüm platforma rolunu oynaya bilər. AZPROMO-nun bu prosesdə koordinasiyaedici rolu isə dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın təmin edilməsinə şərait yaradır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"İstənilən ölkə ilə əlaqələrin yaxşılaşdırılması və münasibətlərin möhkəmləndirilməsi, əlbəttə ki, gələcəyin inkişafı üçün uğurlu strategiyalara əsaslanmalıdır. Suriya dövləti son illərdə mürəkkəb və ziddiyyətli bir yol keçmiş olsa da, Azərbaycanın bu ölkə ilə münasibətlərə önəm verməsi düşünülmüş və strateji addımdır. Bu, gələcəkdə faydalı nəticələr verə bilər. Artıq bir sıra işlərə başlanılıb. Xüsusilə türk dünyası üçün və həmin dövlətlərin inkişafı baxımından Suriyada sabitliyin yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan da Türkiyə ilə dost və qardaş ölkə kimi, münasibətlərini sağlam və möhkəm saxlayan dövlətlərlə əməkdaşlıq etməkdə maraqlıdır. Bu isə qarşılıqlı münasibətlərin yeni perspektivlərə əsaslanmasına imkan verir.
Bu proses çərçivəsində kiçik qrupların yaradılması, əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi iki ölkə üçün faydalıdır. Azərbaycan həm də bu əməkdaşlıqdan Suriyanın inkişafı baxımından faydalana bilər. Prezident İlham Əliyev həmişə sülhün, demokratiyanın, insan haqlarının və ədalətin yanında olub və bu istiqamətdə fəaliyyəti uğurla davam etdirir".
Deputat, həmçinin Suriyada sabitliyin təmin olunması və orada normal həyatın bərpa edilməsi Azərbaycanın maraq dairəsində olduğunu qeyd edib:
"Bu ölkə ilə əməkdaşlığın gücləndirilməsi düşünülmüş və planlı şəkildə həyata keçirilir. Azərbaycan Suriya dövlətinə sağlam münasibət göstərməklə və zərurət yarandıqda dəstək verməklə dövrün çağırışlarına cavab verir ki, bu da olduqca vacibdir".
Elmir Heydərli
09:57 09.01.2026
Oxunuş sayı: 1590