Azərbaycan beynəlxalq arenada balanslı və praqmatik siyasət yeridir - Açıqlama
Müasir dünyada ölkələrin beynəlxalq imici və turizm cəlbediciliyi ilk növbədə təhlükəsizlik, sabitlik və infrastruktur amilləri ilə ölçülür. Qlobal miqyasda siyasi gərginliklərin, münaqişələrin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə sabit və təhlükəsiz mühit təqdim edən ölkələr turistlər və beynəlxalq tədbir təşkilatçıları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan son illərdə təhlükəsizlik, ictimai sabitlik və qonaqpərvərlik sahəsində formalaşdırdığı nüfuzla fərqlənən məkanlardan biri kimi çıxış edir.
Azərbaycanın turizm potensialı təkcə təhlükəsiz mühitlə məhdudlaşmır, eyni zamanda təbii-coğrafi müxtəliflik, müasir infrastruktur və idman-turizm imkanları ilə də seçilir. Ölkəmizin dörd fəsli əhatə edən iqlim xüsusiyyətləri, dağ-xizək mərkəzləri, dənizkənarı istirahət zonaları və beynəlxalq standartlara cavab verən layihələr Azərbaycanın qlobal turizm xəritəsində mövqeyini möhkəmləndirir. Son illərdə həyata keçirilən iri miqyaslı layihələr və beynəlxalq yarışların təşkili bu siyasətin real nəticələrini nümayiş etdirir.
Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın beşində jurnalistlərə müsahibəsində ölkəmizin qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri olması və turizm imkanlarının genişlənməsi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Şahdağda ilk dəfə keçiriləcək Xizəksürmə üzrə dünya çempionatı, eləcə də unikal “Sea Breeze” layihəsi Azərbaycanın həm idman turizmi, həm də istirahət turizmi sahəsində beynəlxalq mövqeyini daha da gücləndirən mühüm addımlar kimi dəyərləndirilir.
Bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Dünyada baş verən siyasi gərginliklər fonunda sabitlik ən aktual məsələlərdən biridir. Cənubi Qafqaz da həssas coğrafiya olduğundan burada da böyük güclərin maraqları mütəmadi olaraq toqquşur. Belə mürəkkəb şəraitdə sabitliyi təmin etmək hər ölkənin bacaracağı məsələ deyil. Bu baxımdan Azərbaycan sabitlik adası olmaqla ən çətin işin öhdəsindən gələ bilir. Məsələ burasındadır ki, ölkəmiz 30 ilə yaxın davam edən müharibə şəraitində belə beynəlxalq tərəfdaşlar Azərbaycanla tərəddüdsüz əməkdaşlıq edir, buraya meqa sərmayələr yatırmaqdan çəkinmirdilər. Çünki Azərbaycan dövlətinin təhlükəsizlik zəmanətinə yüksək səviyyədə etimad var idi. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bəyan etdi ki, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər. Bu da səbəbsiz deyil. Dövlət institutlarının effektiv fəaliyyəti, mərkəzləşdirilmiş idarəetmə və çevik qərarqəbuletmə mexanizmləri daxili təhlükəsizliyin qorunmasında mühüm rol oynayır. 2020-ci ildən sonra isə regionda tam yeni reallıqlar formalaşıb. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra dövlət sərhədlərinə nəzarətin gücləndirilməsi və təhlükəsizlik infrastrukturlarının bərpası mümkün riskləri əhəmiyyətli dərəcədə azaldıb".
O bildirib ki, Azərbaycan eyni zamanda beynəlxalq arenada balanslı və praqmatik siyasət yeridir: "Müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq, heç bir blokda yer almamaq, sülhyaratma prosesində uğurlu vasitəçilik təşəbbüsləri də ölkəni geosiyasi risklərdən qoruyur. Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi var. COP29, ilk Avropa Oyunları, Formula 1, qlobal forumların yüksək təhlükəsizlik şəraitində keçirilməsi də ölkəmizin nüfuzunu, qlobal etibarını artırır. Onu da qeyd etməliyik ki, təhlükəsizlik təkcə güc strukturları ilə deyil, həm də siyasi sabitlik, sosial harmoniya, iqtisadi dayanıqlılıq və uğurlu diplomatiyanın vəhdəti ilə təmin olunur. Bu kompleks yanaşma Azərbaycanı qlobal miqyasda ən təhlükəsiz məkanlardan birinə çevirib".
Elmir Heydərli
10:50 08.01.2026
Oxunuş sayı: 1723