Azərbaycan Konstitusiyası bütün vətəndaşlara bərabərlik, hüquq və azadlıq təmin edir - Deputat
Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətində vurğulayıb ki, Azərbaycanda dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar — o cümlədən xristian icması — öz etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və inkişaf etdirmək üçün geniş demokratik-hüquqi imkanlara malikdirlər. Dövlət başçısı xüsusilə təqdirəlayiq hesab edir ki, xristian həmvətənlərimiz ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi üçün səylərini əsirgəmirlər.
Azərbaycanın multikultural dəyərləri ölkənin tolerantlıq ənənələrinin təməlini təşkil edir. Bu tolerantlığın kökündə isə xalqın öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və müxtəlif dini etiqadlara göstərdiyi dərin hörmət dayanır.
Milli Məclisin deputatı Aydın Hüseynov məsələ ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
"Məlumdur ki, Azərbaycan günümüzdə tolerant bir dövlət kimi səciyyələnir və multikultural dəyərlərə malikdir. Bunun kökləri var: Azərbaycan xalqı öz mədəniyyətinə, tarixinə, adət-ənənələrinə və dini etiqadına böyük hörmətlə yanaşır.
Eyni zamanda, digər dinlərə də hörmət göstərilir və təsadüfi deyil ki, Azərbaycanda həm xristian kilsələri, həm də digər dinlərin ibadət yerləri — sinagoglar fəaliyyət göstərir. Bütün bu dini inanclar sərbəst şəkildə fəaliyyət göstərir.
Azərbaycanda dinlə dövlətin ayrılığı qorunur, lakin eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu komitənin başlıca vəzifəsi dini icmalara müəyyən dəstək vermək və onların işlərinə kömək etməkdir. Bu da göstərir ki, dövlət bu sahəyə konkret dəstək göstərir".
Deputat əlavə edib ki, Azərbaycan Konstitusiyası bütün vətəndaşlara bərabərlik, hüquq və azadlıq təmin edir: "Dini icmalar da bu hüquqlardan tam şəkildə yararlana bilir. Yəni, Azərbaycanda vətəndaşlar dini etiqadlarına, milliyyətlərinə və dilinə görə heç bir ayrı-seçkiliyə məruz qalmırlar.
Bütün bunlar Azərbaycanın multikultural və tolerant dövlət olduğunu bir daha sübut edir. Dini dözümlülüyə görə Azərbaycan beynəlxalq səviyyədə yüksək qiymətləndirilən ölkələrdən biridir. Bu əsasların arxasında isə Konstitusiyamız və Azərbaycancılıq ideologiyası dayanır — xalqımız bir ideoloji ətrafında birləşir.
Məlumdur ki, 44 günlük Vətən Müharibəsində xalqımız öz birliyini nümayiş etdirmiş və bu birliyi həm də sübut etmişdir".
Ayhan
17:45 06.01.2026
Oxunuş sayı: 1655