ABŞ Azərbaycanla münasibətləri gücləndirmək istəyirsə, 907-ci düzəliş aradan qaldırılmalıdır - Deputat
ABŞ ilə Azərbaycan arasında münasibətlərdə mühüm əhəmiyyət kəsb edən 907-ci düzəlişin gələcəyi yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ nümayəndə heyətinin görüşü fonunda bu məsələnin həlli və tərəflər arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.
907-ci düzəlişlə bağlı Crossmedia.az-a açıqlama verən deputat Arzuxan Əlizadə bildirib ki, 1992-ci ildə Azərbaycan torpaqları işğal altına düşdüyü bir dönəmdə 907-ci düzəliş işğalçıya deyil, işğala məruz qalan tərəfə tətbiq olunurdu:
"Bu qərar heç bir çərçivəyə sığmayan bir qərar idi. Demokratlar və bundan əvvəlki prezident Cozef Bayden sənədin həmmüəlliflərindən biri idi. Təəssüflər olsun ki, demokratların dönəmində Azərbaycana yönəlmiş münasibət heç də yaxşı olmur. Avqustun 8-də Azərbaycan prezidentinin Vaşinqtonda ABŞ dövlət başçısı Donald Trampla görüşü zamanı bu məsələ növbəti dəfə gündəmə gətirildi. ABŞ prezidenti o düzəlişin dayandırılması və ümumiyyətlə aradan qaldırılması ilə bağlı öz mövqeyini də bildirmiş oldu".
Deputatın sözlərinə görə, 907-ci düzəlişin təsir dairəsinin dayandırılmasının da Azərbaycana yönəlik atılmış xoş münasibət kimi qəbul edilməlidir:
"Lakin yadımızdadır ki, Azərbaycan Əfqanıstanda sülhməramlı qüvvələrə dəstək ifadə etdiyi dönəmdə də bu düzəliş dayandırılmışdı. Azərbaycan prezidenti ABŞ-dən gələn nümayəndə heyəti ilə görüşdü. Beləliklə, bu məsələni bir daha gündəmə gətirdi. Bu gün ABŞ Cənubi Qafqazda Azərbaycanla tam yeni müstəvidə, münasibətlərin yüksək səviyyədə inkişafı fonunda əməkdaşlıq etməkdədir. Azərbaycan regionun əsas gücüdür – iqtisadi cəhətdən də, siyasi cəhətdən də, hərbi cəhətdən də lider dövlətdir. Kommunikasiya qovşaqlarının açılması ilə bağlı Azərbaycanla gələcək əməkdaşlıq fonunda da, təbii ki, ABŞ bu düzəlişin tamamilə aradan qaldırılması ilə bağlı yekun qərar verməlidir. Əks halda, bu əməkdaşlıq formatımıza uyğun olmayacaq. Yəqin ki, ABŞ prezidenti bunun fərqindədir".
A.Əlizadə qeyd edib ki, 907-ci düzəlişlə bağlı qərar müvəqqəti deyil, mütəmadi, daimi xarakter alacaq və bir dəfəlik 907-ci düzəlişin aradan qaldırılmasına yaxın zamanlarda şahidlik edəcəyik:
"ABŞ-nin bugünkü rəhbərliyi Cənubi Qafqazda əsas dövlət olaraq Azərbaycanla müttəfiqlik münasibətlərini bir qədər də yüksəltmək istəyirsə, 907-ci düzəliş aradan qaldırılmalıdır ki, bu, münasibətlərimizin ruhuna heç bir halda xələl gətirməsin".
Fatimə Məmmədova
15:50 06.01.2026
Oxunuş sayı: 3225