Silahlı qüvvələrimiz artıq daha çox yerli istehsal olunan məhsullardan istifadə edir- Ekspert
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, onun sərəncamı ilə hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda bu, dövlət inhisarında olan sahə kimi qiymətləndirilirdi: "Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi".
"Bu günə qədər 15 şirkətə lisenziya verilib, təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Əgər biz qoyulan sərmayənin həcminə baxsaq görərik ki, yeni istehsal sahələri yaratmaq və mövcud olanları genişləndirmək üçün 2024-2025-ci illərdə bir milyard manat dəyərində sərmayə qoyulub. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə ictimaiyyət üçün bir qədər qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb", - deyə dövlət başçısı əlavə edib.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu gün Azərbaycanda bir milyard 400 milyon manatlıq yerli silahlar və avadanlıqlar istehsal olunur: "Bu məhsulların böyük əksəriyyəti Azərbaycan ordusuna təqdim edilib. Silahlı qüvvələrimiz artıq daha çox yerli istehsal olunan məhsullardan istifadə edir. Təbii ki, bunların bir hissəsi də xarici ölkələrə ixrac olunub. Özəl şirkətlərin bu işə lisenziya əldə etməsi Azərbaycanın müdafiə sənayesi məhsullarının istehsalında payını kifayət qədər artırıb. Artıq 15 şirkətdən 7-si fəaliyyət göstərirsə, digərləri də bu fəaliyyət üçün tədbirlər görür".
Ekspert, həmçinin qeyd edib ki, yaxın müddətdə digər lisenziya alan şirkətlərin də müdafiə sənayesi məhsullarının istehsalı ilə bağlı xəbərlər eşidə bilərik: "Bir fakt aydındır ki, Azərbaycanda bu ilin sentyabr ayında keçiriləcək 2026 müdafiə sənayesi sərgisində biz daha çox sayda yerli və özəl şirkətlərin, o cümlədən dünyanın ən nəhəng şirkətləri ilə birgə istehsal etdiyimiz məhsulları müşahidə edəcəyik".
Fatimə Məmmədova
09:48 06.01.2026
Oxunuş sayı: 3684