907-ci düzəlişin ləğvi tarixi ədalətin bərpası olar- Deputat
Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirməsi təsadüfi deyil. Bu addım təkcə Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin göstəricisi yox, eyni zamanda Vaşinqtonun Cənubi Qafqazda reallıqları daha obyektiv dəyərləndirməyə başladığının siyasi siqnalı kimi də oxunmalıdır. Uzun illər Azərbaycana qarşı birtərəfli və ədalətsiz yanaşmanın hüquqi simvoluna çevrilmiş 907-ci düzəlişin faktiki olaraq neytrallaşdırılması, regionda güc balansının dəyişdiyi, Azərbaycanın isə həm hərbi, həm diplomatik, həm də geosiyasi baxımdan daha güclü aktora çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə məsələ yalnız bir hüquqi məhdudiyyətin aradan qaldırılması deyil, ABŞ-ın öz maraqları prizmasından Azərbaycanla əməkdaşlığı yenidən prioritetə çevirməsinin göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin fəaliyyətinin dayandırılması ilə bağlı suala cavabında bildirib ki, ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib.
"İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq", - İlham Əliyev qeyd edib.
Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlət başçısı deyib: "Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var".
Dövlət başçısının səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Azərbaycan həmişə mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq siyasəti yürüdüb: "Başqa ölkələrlə yanaşı, ABŞ-Azərbaycan arasında da ikitərəfli əməkdaşlıq əlaqələri, xüsusən də siyasi, iqtisadi və strateji sahələrdə yüksələn xətlə inkişaf edir, qarşılıqlı anlaşmaya xidmət edən xoş münasibətlər qurulur. Azərbaycanın gündən-günə dünyada və regionda artan nüfuzu və ABŞ-nin strateji maraqları qurulan münasibətlərin dayaqlarını daha da möhkəmlədir.
907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində əsas maneənin aradan qaldırılması, tarixi ədalətin bərpası və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki bu düzəliş Azərbaycana ABŞ yardımlarını məhdudlaşdırırdı, indi isə Azərbaycan iqtisadi cəhətdən güclənib və bu 907 ci düzəliş dövlətimizin suverenliyinə qarşı ədalətsizlik hesab olunurdu. Bu qadağanın ləğvi ABŞ-la ikitərəfli əlaqələri inkişaf etdirmək, regional sabitliyə töhfə vermək və erməni lobbisinin təsirini azaltmaq üçün vacibdir".
Deputat əlavə edib ki, bu düzəliş işğalçı dövlətlərə şamil edilməli olduğu halda, işğal altında olan Azərbaycana qarşı qəbul edilmişdi: "90- cı illərdə dünyanın bir hissəsi bu ədalətsizliyə göz yumur, bir hissəsi isə işğalçını cəzalandırmaq əvəzinə, işğala məruz qalan Azərbaycanı hədəfə alır. Ən çox maliyyə və hərbi yardıma ehtiyacımız olduğu bir vaxtda ABŞ Konqresinin 907-ci düzəlişi qəbul etməsi ilə vəziyyət daha da pisləşirdi. Çünki həmin dövrdə istənilən yardıma ehtiyacımız var idi. İndisə bu qadağanın ləğvi ədalətin bərpasıdır. İndiki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Həmin vaxt olduğu kimi yardımlara da ehtiyacımız yoxdur. Əksinə, Azərbaycan özü donor ölkə kimi müxtəlif dövlətlərə yardımlar edir. İndi dayanıqlı iqtisadiyyatımız, istənilən problemlə başa çıxmağa yetəcək qədər maliyyə resurslarımız var. Amma bu düzəlişin ləğvi bizim üçün tarixi ədalətin bərpası olar. Çünki bu cür qadağalar işğalçı və təcavüzkar dövlətlərə şamil edilir. Azərbaycan isə öz ərazi bütövlüyü uğrunda mübarizə aparıb və 30 ildən sonra buna nail olub".
Ayhan
09:30 06.01.2026
Oxunuş sayı: 3547