Tarixin ən böyük coğrafi səhvlərindən biri: “Yanvar çayı” haradadır?
Braziliyanın cənub-şərqində yerləşən və dünyanın ən tanınmış şəhərlərindən biri olan Rio de Janeiro adını 500 il əvvəl edilmiş və bu gün də mübahisə doğuran böyük coğrafi yanlışlıqdan alıb- xəritələrdə mövcud olmayan “Yanvar çayı”ndan.
Tarixi sənədlərə görə, 1502-ci ilin yanvarında Portuqaliya gəmiləri indiki Guanabara körfəzinə daxil olarkən buranı böyük bir çayın mənsəbi hesab ediblər. Nəticədə əraziyə “Rio de Janeiro” – “Yanvar çayı” adı verilib.
Maraqlısı odur ki, burada heç vaxt belə bir çay mövcud olmayıb. Bəzi tarixçilər bildirirlər ki, XVI əsrdə portuqal dilində “rio” sözü təkcə çay deyil, həm də körfəz və dəniz girintiləri üçün istifadə olunurdu. Digərləri isə bunu açıq-aşkar coğrafi səhv kimi qiymətləndirir. Hər iki halda, səhv və ya dil fərqi nəticəsində yaranan bu ad bu gün dünyanın ən məşhur şəhərlərindən birini ifadə edir.
Rio - Avropa imperiyasının Amerikadakı paytaxtı
Tarixdə nadir rast gəlinən hadisələrdən biri də Rio de Janeiro-nun bir müddət Portuqaliya imperiyasının paytaxtı olmasıdır. 1808-ci ildə Napoleonun Portuqaliyaya hücumu zamanı kral ailəsi bütün sarayı ilə birlikdə Braziliyaya köçür.
Araşdırmalara görə, bu köç Rio-nu qısa müddətdə sadə koloniyadan imperiya mərkəzinə çevirir. Şəhərdə kitabxanalar, muzeylər, botanika bağları salınır. Bu fakt Rio-nu dünyada Avropadan kənarda yerləşən yeganə imperiya paytaxtı edir.
Dünyanın ən böyük qul limanı: turistik məkana çevrilən faciə
Rio limanındakı Valonqo körpüsü XIX əsrdə dünyanın ən böyük qul giriş nöqtələrindən biri olub.
Tarixçilərin hesablamalarına görə, buradan təxminən 1 milyon afrikalı qul Braziliyaya gətirilib.
Bu ərazi uzun illər torpaq altında gizlədilib və yalnız 2011-ci ildə aparılan qazıntılar zamanı üzə çıxarılıb. UNESCO bu məkana Dünya İrsi statusu versə də, tənqidçilər hesab edirlər ki, Rio bu faciəli keçmişlə hələ də yetərincə üzləşməyib.
İsa Məsih heykəli: ildırımların hədəfində olan müqəddəslik
Corcovado dağının zirvəsində yerləşən məşhur İsa Məsih heykəli təkcə dini simvol deyil, həm də təbiətin birbaşa hədəfidir. Braziliya Kosmik Araşdırmalar İnstitutunun məlumatına görə, heykəl ildə 2–4 dəfə birbaşa ildırım zərbəsi alır.
Araşdırmalar göstərir ki, bir neçə dəfə heykəlin barmaqları və baş hissəsi zədələnib. Üzərindəki sabuntaşı örtüyü isə getdikcə tapılması çətinləşən materialdır. Buna baxmayaraq, şəhər rəhbərliyi bərpa işlərini davam etdirir- çünki bu abidə Rio-nun əsas simvollarından biridir.
Karnaval: şəhərin idarəsi simvolik olaraq “dəli krala” verilir
Rio Karnavalı zamanı şəhərin açarı rəsmi şəkildə Kral Momo adlanan simvolik fiqura təqdim olunur. Bu obraz əyləncənin, xaosun və qaydasızlığın rəmzidir.
Sosioloqlar bildirirlər ki, bu ritual sadəcə şou deyil- cəmiyyətin gündəlik qaydalardan müvəqqəti azad olmasının simvoludur. Beş gün ərzində Rio faktiki olaraq adi həyat ritmindən çıxır.
Marakana: sükutun səsi olan stadion
1950-ci il Dünya Kubokunun finalında Braziliyanın məğlubiyyəti Rio tarixində dərin psixoloji travma kimi qalıb. Təxminən 200 min insanın eyni anda susması şahidlərin xatirələrində “qulaq batıran sükut” kimi təsvir olunur.
Bu hadisə “Marakanaso” adı ilə futbol tarixində ayrıca terminə çevrilib. Bu gün belə Braziliyada gözlənilməz məğlubiyyətlər bu adla xatırlanır.
Favelalar: kölgədə qalan şəhər
Rəsmi statistikaya görə, Rio de Janeiro-da 750-dən çox favela mövcuddur. Bu ərazilərdə yaşayan insanların sayı bəzi Avropa ölkələrinin əhalisindən çoxdur.
Araşdırmalar göstərir ki, favelalar təkcə yoxsulluq deyil, həm də alternativ iqtisadiyyat, mədəniyyət və idarəetmə modeli formalaşdırıb. Bəzi ərazilərdə dövlət strukturlarından çox yerli icmalar və ya cinayət qrupları qayda-qanun yaradır.
Rio: gözəllik və təhlükənin yanaşı yaşadığı şəhər
Rio de Janeiro paradoksların şəhəridir. Bir tərəfdə dünyanın ən gözəl mənzərələri, digər tərəfdə isə dərin sosial uçurumlar var. Bu şəhər nə tam cənnətdir, nə də yalnız problemlərdən ibarətdir.
Araşdırmalar göstərir ki, Rio-nu anlamaq üçün ona yalnız turist gözü ilə baxmaq kifayət deyil. Burada tarix, faciə, musiqi, zorakılıq və sevinc eyni küçədə yanaşı mövcuddur.
Fatimə Məmmədova
12:35 31.12.2025
Oxunuş sayı: 1684