Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması sülhün bərpa olunmasına verdiyi dəstəkdən irəli gəlir - RƏY
Baş prokurorluq son dövrlər Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycan Respublikasının bəzi vətəndaşlarının da iştirak etməsi halları müşahidə olunduğunu bildirib.
"Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. Bildiririk ki, Azərbaycan Respublikası vətəndaşlarının həyatını, təhlükəsizliyini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi və vəzifəsi kimi qəbul edərək, qanunvericiliyə zidd fəaliyyət göstərən, hüquq qaydalarını pozan hər bir şəxsə münasibətdə hüquqi məsuliyyətin qaçılmazlığı prinsipi əsasında qətiyyətli və barışmaz mövqe nümayiş etdirir", - məlumatda bildirilir.
Baş prokurorluq xatırladıb ki, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak etmək sadəcə fərdi seçim deyil, milli cinayət qanunvericiliyi və beynəlxalq konvensiyaların tələblərinə görə ağır, bəzi hallarda isə xüsusilə ağır cinayətdir:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən muzdluluq, yəni hərbi münaqişədə və hərbi əməliyyatlarda iştirak edən dövlətin vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi üçün göndərilməyən, maddi mükafat əldə etmək məqsədilə fəaliyyət göstərmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların fəaliyyətində iştirak etmə cinayət hesab olunaraq, bu əməllərə görə müəyyən müddətə (8 ildən 20 ilədək) və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur".
Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılıb ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir:
"Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir".
Bildirilib ki, ölkənin hüquq-mühafizə orqanları qeyd olunan qanunsuzluqların qarşısının alınması və qanuna zidd əməllərə yol verənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri görməkdədir:
"Xatırladaq ki, Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir. Heç bir maddi maraq sizin həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz. Qanunsuz fəaliyyətlərdən çəkinmək və milli maraqları uca tutmaq isə hər birimizin mənəvi və hüquqi məsuliyyətidir. Vətəndaşlarımızı ayıq-sayıq olmağa, qanunsuz çağırışlara uymamağa və dövlətimizin qanunlarına hörmətlə yanaşmağa çağırırıq".
Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir region kimi uzun illər geosiyasi gərginliklərin mərkəzində olub. Bu kontekstdə, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəal rol oynayan dövlət kimi çıxış edir. Ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biri regional və beynəlxalq münaqişələrin sülh yolu ilə həllinə töhfə vermək, eyni zamanda milli maraqları qoruyaraq dialoq və əməkdaşlığı gücləndirməkdir.
Azərbaycanın bu mövqeyi yalnız regional səviyyədə deyil, beynəlxalq platformalarda da öz əksini tapır və ölkəmiz, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri əsasında sülhün təmin olunmasına çalışır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycan sülhün tərəfdarıdır. Ölkəmiz yalnız Cənubi Qafqazda deyil, ümumilikdə regionda sülhün formalaşmasına töhfə verən dövlət kimi çıxış edir. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması da məhz sülhün ən qısa zamanda bərpa olunmasına verdiyi dəstəkdən irəli gəlir. Azərbaycan birmənalı şəkildə müharibənin tezliklə başa çatmasını və regionda sülhün təmin olunmasını maraqla izləyir. Bu baxımdan, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə milli maraqlarını və strateji hədəflərini nəzərə alaraq qərarlar qəbul edir və siyasət yürüdür. Rusiya-Ukrayna müharibəsində də Azərbaycan həm BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiya və qətnamələri, həm də milli maraqlarını əsas götürərək öz strateji mövqeyini müəyyənləşdirir. Beləliklə, Azərbaycan prinsipial olaraq BMT prinsiplərinə uyğun şəkildə, milli maraqlarını nəzərə almaqla, müharibələrə münasibətini formalaşdırır".
Elmir Heydərli
14:16 30.12.2025
Oxunuş sayı: 2951