Avropa Sülh Fondunun Ermənistana yardımı regionda balans məsələsini aktuallaşdırır – Deputat
Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində maliyyə aləti olan Avropa Sülh Fondu çərçivəsində Ermənistana ayrılan yardımlar regionda balans və ədalət məsələsini yenidən gündəmə gətirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə deyib ki, Fond tərəfindən Ermənistana maliyyə dəstəyi göstərildiyi təqdirdə, eyni məbləğdə yardımın Azərbaycana da ayrılması zəruridir. Bu yanaşma yalnız bərabər münasibətin təmin olunması deyil, eyni zamanda münaqişədən sonrakı dövrdə təhlükəsizlik, humanitar məsələlər və xüsusilə minatəmizləmə fəaliyyətlərinin effektiv həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu məsələni beynəlxalq platformalarda qaldırması regionda davamlı sülhün və etimad mühitinin formalaşmasına yönəlmiş prinsipial mövqenin göstəricisi kimi dəyərləndirilir.
Milli Məclisin deputatı Tahir Rzayev nazirin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a bildirib ki, Avropa Sülh Fondunun Ermənistana yardım ayırması və Azərbaycanı fərqləndirməsi, ilk növbədə, Ermənistanın müstəqil siyasi xəttə malik olmaması ilə bağlıdır:“Ermənistan uzun illərdir bir çox ölkənin diqtəsi ilə idarə olunur, onların tapşırıqlarını yerinə yetirir. Rəsmi dairələr daim müxtəlif dövlətlər tərəfindən onlara göstərilən diqqət və qayğını qabartmaqla müəyyən dividendlər əldə etməyə çalışırlar və məhz həmin dövlətlərin göstərişləri əsasında siyasət qururlar. Bu vəziyyət bir tərəfdən Ermənistanın iqtisadi cəhətdən böhranlı durumda olması, digər tərəfdən isə ölkə daxilində bəzi qrupların xarici qüvvələrə arxalanması ilə izah olunur”.
Deputat qeyd edib ki, Ermənistan yarandığı ilk illərdən etibarən daim xarici təsir altında olub:
“Sovetlər dövründə İttifaq rəhbərliyi bu ölkəyə xüsusi diqqət göstərib, müstəqillik dövründə isə hazırkı baş nazir Nikol Paşinyandan əvvəl hakimiyyətdə olan qüvvələr gah Rusiyaya, gah da Avropaya sığınaraq mövcudluqlarını qorumağa çalışıblar. Paşinyan dövründə Ermənistanın siyasi xətti formal olaraq Qərbyönlü və Avropayönlü kimi təqdim olunsa da, reallıq fərqlidir. Bu gün Ermənistan Qərbə inteqrasiya görüntüsü yaratsa da, faktiki olaraq Rusiyadan asılılığını qoruyur və bir çox hallarda Moskvanın tapşırıqlarını gizli şəkildə icra edir. Paşinyan hakimiyyəti Qərbi Avropa fonu yaratmaqla həmin dövlətlərin dəstəyindən faydalanmağa çalışır. Avropa Sülh Fondunun Ermənistana göstərdiyi xüsusi "qayğı" da məhz bunun nəticəsidir”.
Parlamentari vurğulayıb ki, Azərbaycan tamamilə fərqli siyasi model ortaya qoyur: “Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz heç bir dövlətdən asılı deyil, heç kimin diqtəsi ilə hərəkət etmir və bu müstəqil siyasi kurs bundan sonra da davam etdiriləcək. Ermənistanın müxtəlif güc mərkəzləri arasında manevr etməsi gələcək üçün ciddi risklər yaradır. Bu gün Ermənistan gah ABŞ-yə, gah Fransaya, gah Avropa İttifaqına söykənir, paralel şəkildə isə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Avropa ölkələri və Avropa Sülh Fondu da Ermənistanı öz təsir dairəsində saxlamaq və ona bağlı etmək üçün bu cür yardımlardan istifadə edirlər. Lakin bu siyasət Ermənistan üçün perspektiv vəd etmir”.
T.Rzayev sonda bildirib ki, Azərbaycan və Ermənistanı eyni müstəvidə müqayisə etmək doğru deyil: “Azərbaycan öz müstəqilliyini qoruyur, iqtisadiyyatını inkişaf etdirir, ordusunu gücləndirir və gələcəyə hesablanmış uğurlu addımlar atır. Ermənistan isə daim kənar himayəyə sığınır. Bu iki ölkə əks qütblərdə dayanır. Biri asılılıq yolunu seçib, digəri — Azərbaycan — müstəqil siyasəti ilə bu gün dünyada nümunə göstərilən dövlətdir”.
Mehriban Yariyeva
13:56 30.12.2025
Oxunuş sayı: 18328