907-ci düzəlişin tam ləğvi ABŞ- Azərbaycan münasibətlərini gücləndirəcək -RƏY
Qlobal siyasi sistemin sürətlə transformasiya olunduğu, geosiyasi balansların yenidən formalaşdığı bir dövrdə Azərbaycanın xarici siyasət xətti ardıcıl, praqmatik və milli maraqlara söykənən yanaşma ilə seçilir. Regionda uzun illər davam etmiş münaqişələrin yaratdığı təhlükəsizlik boşluğu və etimadsızlıq mühiti tədricən yerini dialoq, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan yeni münasibətlər modelinə verir. Məhz bu kontekstdə Azərbaycan həm regional sabitliyin təmin olunmasında, həm də beynəlxalq əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edərək artan siyasi çəkisini nümayiş etdirir.
Son illərdə atılan ardıcıl diplomatik addımlar göstərir ki, Bakı yalnız mövcud çağırışlara reaksiya verən deyil, eyni zamanda gələcək regional arxitekturanı formalaşdıran əsas aktorlardan birinə çevrilib. Təhlükəsizlik, enerji, nəqliyyat, texnologiya və iqtisadi inteqrasiya kimi sahələrdə irəli sürülən təşəbbüslər Azərbaycanın strateji baxışının əsas sütunlarını təşkil edir. Bu yanaşma ölkəmizi etibarlı tərəfdaş kimi təqdim etməklə yanaşı, qlobal güclərin Cənubi Qafqaz və daha geniş regionla bağlı planlarında mühüm yer tutmasına şərait yaradır.
Xüsusilə post-münaqişə mərhələsində regional sülhün institusionallaşdırılması, etimad quruculuğu mexanizmlərinin yaradılması və iqtisadi bağlantıların bərpası prioritet istiqamətlər kimi ön plana çıxır. Azərbaycan bu proseslərdə təşəbbüskar mövqe nümayiş etdirərək, əməkdaşlığı konfrontasiyaya, qarşılıqlı faydanı geosiyasi rəqabətə üstün tutan siyasət yürüdür. Bu isə regionda uzunmüddətli sabitlik və inkişaf üçün real zəmin formalaşdırır. Bütün bu proseslər paralel olaraq Azərbaycanın aparıcı beynəlxalq aktorlarla münasibətlərində də yeni keyfiyyət mərhələsinin formalaşmasına gətirib çıxarır. Qarşılıqlı maraqlara, strateji baxışa və uzunmüddətli əməkdaşlığa əsaslanan bu münasibətlər yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır, regional və qlobal miqyasda daha geniş əməkdaşlıq imkanları yaradır. Məhz bu yeni siyasi reallıqlar fonunda atılan mühüm addımlar 2025-ci ilin Azərbaycan və region üçün tarixi əhəmiyyətini daha da artırır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "2025-ci ildə Azərbaycan və region üçün ən mühüm siyasi nailiyyət, sözsüz ki, 8 avqust tarixində keçirilmiş Vaşinqton Sülh Sammiti oldu. Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş sammit, Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişəni sona çatdırdı. Bununla da iki ölkə arasında etimad quruculuq və normallaşma tədbirlərinə başlanıldı, o cümlədən, ticarət və bağlantılar sahəsində uğurlu addımlar atıldı. Vaşinqton səfəri zamanı, həmçinin, Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsi ilə xarakterizə olunur. Belə ki, iki ölkə arasında enerji və texnologiyalar sahəsində yeni anlaşmalar imzalandı. Əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olur. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın ölkəmizdə iqtisadi fəallığı deməkdir. Bundan başqa, Prezident İlham Əliyevlə Ağ Ev rəhbəri Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanunu qəbul etmişdir. Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Buna baxmayaraq, ABŞ “Azadlığa dəstək aktına” daxil olan 907-ci düzəlişi maraqlarına uyğun vaxtda dayandırıb, maraqlar aradan qalxdıqdan sonra isə yenidən tətbiq etməsi prinsipsizlik kimi qiymətləndirilir. Düzəlişin tamamilə ləğvi ABŞ Konqresinin səlahiyyətindədir. Bu sahədə də ilkin addım atılıb. Dekabrın 9-da, Azərbaycana birbaşa yardım məhdudiyyətlərini ehtiva edən 907-ci düzəlişin tamamilə ləğvi ilə bağlı qanun layihəsini Floridalı konqresmen Anna Paulina Lunaya xarici siyasət üzrə Komitəyə təqdim edib".
Deputat, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin hazırki səviyyəsini və regionda sülh və inkişaf assosasiya olunan yeni reallıqlar fonunda, bu məhdudiyyətin tam ləğvi düzgün qərar olduğunu və iki ölkə arasında münasibətləri daha da möhkəmləndirmiş olacağını bildirib: "Növbəti administrasiyadan danışmaq üçün hələ çox tezdir, bu dövrdə qarşılıqlı hörmət və faydaya əsaslanan ABŞ-Azərbaycan münasibətlərinin, TRİPP marşrutunun da işə düşməsi ilə daha da güclənəcəyini, digər sahələri də əhatə edə biləcəyini proqnozlaşdırmaq olar".
Elmir Heydərli
11:00 30.12.2025
Oxunuş sayı: 11008