907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərinin inkişafına ciddi maneə törədirdi -RƏY
Azərbaycan–ABŞ münasibətlərində son dövrlərdə müşahidə olunan müsbət dinamika uzun illərdir mübahisə mövzusu olan 907-ci düzəliş məsələsinin yenidən gündəmə gəlməsinə şərait yaradıb. Rəsmi Bakının mövqeyinə görə, ölkəməyə qarşı tətbiq edilmiş bu məhdudiyyətlər hüquqi və siyasi baxımdan əsassız olmaqla yanaşı, ikitərəfli əməkdaşlığın ruhuna ziddir.
Xarici işlər naziri bu günlərdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirlər bir daha göstərir ki, 2025-ci il Azərbaycan–ABŞ münasibətləri baxımından xüsusilə əhəmiyyətli mərhələ kimi dəyərləndirilir və məhz bu fon üzərində 907-ci düzəlişin tamamilə ləğvi üçün real və münbit şərait formalaşıb. Vaşinqtonda imzalanmış sənədin bu düzəlişin dayandırılmasını nəzərdə tutması rəsmi Bakının haqlı mövqeyinin qəbul edildiyini göstərən mühüm siyasi addım kimi qiymətləndirilir.
Azərbaycan tərəfi hesab edir ki, 907-ci düzəlişin tamamilə aradan qaldırılması təkcə ikitərəfli münasibətlərə deyil, eyni zamanda regionda yeni siyasi reallıqların möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə ciddi töhfə verə bilər.
Məsələ ilə bağı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Deməli, “real münbit şərait” dedikdə burada konkret olaraq nə nəzərdə tutulur? Söhbət ondan gedir ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüş zamanı Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp son dərəcə mühüm bir sənədə imza atdı. Həmin sənəd bilavasitə ABŞ Konqresinin məşhur 907-ci düzəlişinin dayandırılması ilə bağlı qərarı ehtiva edirdi. Nəticə etibarilə, bu qərardan sonra proses məhz həmin istiqamətdə inkişaf etməyə başladı və sözügedən düzəlişin dayandırılması ilə bağlı zəruri addımlar atıldı. Eyni zamanda, bu prosesdə iştirak edən müvafiq qurumlar da prezidentin imzaladığı sənəddən irəli gələrək üzərlərinə düşən vəzifələri yerinə yetirməyə başladılar. Bu yaxınlarda yayılan məlumatlar da bunu təsdiqləyir. Belə ki, 907-ci düzəlişin dayandırılması ilə bağlı qanun layihəsi ABŞ Dövlət Departamentinin rəsmi portalında yerləşdirilmiş, bu barədə müxtəlif paylaşımlar edilmişdir. Hətta sosial şəbəkələrdə Azərbaycan istifadəçiləri tərəfindən də həmin məlumatlar geniş şəkildə paylaşılmışdır. Bu faktlar onu göstərir ki, ABŞ prezidentinin imzaladığı sənəddən irəli gələrək real və konkret addımlar atılmaqdadır. Bəs bütün bunlar Azərbaycana nə verir? Məsələyə bir neçə kontekstdə yanaşmaq mümkündür. Birinci növbədə, bu addım tarixi ədalətin bərpa olunması baxımından mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilərkən Azərbaycana qarşı tamamilə əsassız üç ittiham irəli sürülmüşdü. Həmin ittihamların hər üçü əslində Azərbaycanın özünün məruz qaldığı hadisələri guya Azərbaycan tərəfinin törətməsi kimi təqdim edirdi. Birinci ittiham guya Azərbaycan Respublikasının erməni əhalisinə qarşı soyqırımı siyasəti həyata keçirməsi ilə bağlı idi. Halbuki, Xocalı soyqırımı artıq baş vermişdi və ondan əvvəl də 1888-ci ildən etibarən müxtəlif bölgələrdə, o cümlədən Qarabağla bağlı olmayan ərazilərdə — məsələn, Qazax rayonunda — erməni silahlı birləşmələri və qeyri-qanuni hərbi strukturlar tərəfindən azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilmişdi. İkinci ittiham Azərbaycanın etnik təmizləmə siyasəti aparması iddiası idi. Reallıqda isə 1988-ci ildən başlayaraq Ermənistan Respublikasında yaşayan etnik azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti həyata keçirilmiş, nəticədə 300 mindən artıq azərbaycanlı yalnız milli mənsubiyyətinə görə Ermənistan ərazisindən zorla çıxarılmışdı. Sonrakı mərhələdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının — yəni Azərbaycanın ərazisinin təxminən beşdə bir hissəsinin — işğalı zamanı 180 mindən çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşmüşdü. Üçüncü ittiham isə guya Azərbaycanın Ermənistan ərazilərini işğal etməsi iddiası idi. Halbuki, BMT tərəfindən tanınan beynəlxalq hüququn bütün prinsiplərinə uyğun olaraq işğala məruz qalan ərazilər məhz Azərbaycan torpaqları idi. Buna baxmayaraq, həmin reallıqlar görməzdən gəlinmiş və əsassız şəkildə Azərbaycana qarşı 907-ci düzəliş qəbul edilmişdi. Bu baxımdan, düzəlişin dayandırılması o deməkdir ki, vaxtilə Azərbaycana qarşı irəli sürülmüş bu əsassız ittihamlar artıq siyasi gündəmdən çıxarılır və tarixi ədalət bərpa olunur".
Deputat ikinci mühüm məqamın isə ABŞ–Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı olduğunu bildirib: "907-ci düzəliş uzun illər iki ölkə arasında əməkdaşlığın, xüsusilə də hərbi sahədə münasibətlərin inkişafına ciddi maneə törədirdi. Düzəlişin dayandırılmasından sonra hərbi əməkdaşlıq da daxil olmaqla bir sıra sahələrdə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaranır. Bu isə öz növbəsində iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə şərait yaradır. Nəticə etibarilə, 907-ci düzəlişin dayandırılması Azərbaycan üçün həm siyasi, həm də strateji baxımdan əhəmiyyətli dividentlər vəd edən mühüm hadisədir və gələcək perspektivdə ABŞ–Azərbaycan əməkdaşlığının daha uğurlu şəkildə inkişaf etdirilməsi üçün ciddi əsaslar formalaşdırır".
Elmir Heydərli
10:19 30.12.2025
Oxunuş sayı: 5081