Güclü diaspora Azərbaycanın səsinin Avropada daha aydın eşidilməsidir - MÜSAHİBƏ
Müasir dövrdə diaspora fəaliyyəti təkcə mədəni bağların qorunması ilə məhdudlaşmır, eyni zamanda dövlət maraqlarının beynəlxalq müstəvidə müdafiəsi, informasiya mübarizəsi və ictimai rəyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, vahid mövqe ətrafında birləşməsi və koordinasiyalı fəaliyyəti Azərbaycanın səsinin dünyada daha dolğun eşidilməsinə xidmət edir. Bu baxımdan diaspora təşkilatlarının gördüyü işlər və qarşıya qoyulan məqsədlər xüsusi diqqət tələb edir. Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər Diasporu” rubrikamız çərçivəsində növbəti müsahibəmizi oxucularımıza təqdim edirik.
Yeni müsahibimiz Beniluks Azərbaycan Konqresinin sədri Elsevər Məmmədovdur. Elsevər Məmmədov uzun illərdir Beniluks ölkələrində yaşayan Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. O, hazırda Beniluks Azərbaycan Konqresinin sədri kimi fəaliyyət göstərir və bu çərçivədə diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparır. Elsevər Məmmədovun rəhbərliyi dövründə Konqresin fəaliyyət coğrafiyası və institusional imkanları genişlənib, gənclərin diaspora fəaliyyətinə cəlbi və ictimai təşəbbüslərin dəstəklənməsi prioritet istiqamətlərdən birinə çevrilib.
-Beniluks Azərbaycan Konqresinin əsas məqsədləri və prioritet istiqamətləri nələrdir?
-Beniluks Azərbaycan Konqresinin əsas məqsədi Beniluks ölkələrində yaşayan azərbaycanlıları vahid platforma ətrafında birləşdirmək, milli-mənəvi dəyərlərimizi qorumaq, Azərbaycan dövlətinin maraqlarını müdafiə etmək və ölkəmizlə bağlı həqiqətlərin Avropada düzgün və obyektiv şəkildə çatdırılmasına töhfə verməkdir.
Hazırda əsas prioritetlərimiz diaspora təşkilatları arasında koordinasiyanın gücləndirilməsi, gənclərlə işin sistemli şəkildə qurulması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi və informasiya mübarizəsində daha fəal mövqe tutulmasıdır.
-Beniluks ölkələrində Azərbaycan diasporunun təşkilatlanma səviyyəsi necədir?
-Son illər Beniluks ölkələrində Azərbaycan diasporunun təşkilatlanma səviyyəsində ciddi irəliləyiş müşahidə olunur. Artıq bir sıra fəal icmalar, gənclər birlikləri və mədəni platformalar fəaliyyət göstərir. Bununla yanaşı, koordinasiyanın daha da gücləndirilməsinə və birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac qalmaqdadır. Beniluks Azərbaycan Konqresi bu istiqamətdə birləşdirici və əlaqələndirici rol oynayır.
-Azərbaycan həqiqətlərinin Avropada tanıdılması istiqamətində fəaliyyət necədir?
-Konqres müxtəlif konfranslar, dəyirmi masalar, anım tədbirləri, sərgilər və media layihələri vasitəsilə Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Xüsusilə Qarabağ həqiqətləri, Xocalı soyqırımı, eləcə də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri daim diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, Qərbi Azərbaycan mövzusunda bir sıra beynəlxalq konfranslar təşkil olunmuşdur.
-Gənclərin diaspora fəaliyyətinə cəlb olunmasını necə dəyərləndirirsiniz?
-Gənclər diaspora fəaliyyətimizin əsas dayaq nöqtəsidir. Bu məqsədlə gənclər üçün təlim proqramları, liderlik layihələri, mədəni və intellektual tədbirlər həyata keçirilir. Sosial media və rəqəmsal platformalarda gənclərin təşəbbüslərinə xüsusi dəstək göstərilir. Məqsədimiz milli kimliyinə bağlı, fəal və peşəkar gənc diaspora nəsli formalaşdırmaqdır. Qeyd etmək istərdim ki, Beniluks Azərbaycan Konqresinin nəzdində Rotterdam şəhərinin mərkəzində “Qarabağ İdman Klubu”nun ofisi, “Həftəsonu Ana Dili Məktəbi”, eləcə də “Körpə Fidanlar” musiqili-teatr qrupu fəaliyyət göstərir.
-Azərbaycan dövlətinin diaspora siyasəti və dəstəyini necə qiymətləndirirsiniz?
-Azərbaycan dövləti diasporun inkişafına hər zaman xüsusi diqqət göstərir. Dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin sistemli və ardıcıl dəstəyi xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına və fəaliyyətinin gücləndirilməsinə mühüm töhfə verir. Bu dəstək diaspor təşkilatlarının daha effektiv və məqsədyönlü fəaliyyət göstərməsinə imkan yaradır.
-Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və 2026-cı ildən gözləntiləriniz nələrdir?
-Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, harada yaşamalarından asılı olmayaraq milli birlik və həmrəyliyimizin daim möhkəm olmasını arzulayıram.
2026-cı ildən gözləntilərimiz diasporun daha güclü, daha koordinasiyalı və daha təsirli fəaliyyət göstərməsi, Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfələrin artmasıdır. Birliyimiz gücümüzdür.
Sevinc Yarməmmədova
12:38 30.12.2025
Oxunuş sayı: 2325