Azərbaycan Ermənistan iqtisadiyyatını çökdürmüşdü - Deputat açıqladı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatda deyib ki, Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi mümkündür. Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsinin mümkünlüyü ilə bağlı açıqlaması, Cənubi Qafqazda post-münaqişə mərhələsinin artıq siyasi ritorikadan praktik reallıqlara doğru keçdiyini göstərir. Uzun illər davam edən qarşıdurma region ölkələri arasında iqtisadi əlaqələri iflic vəziyyətinə salıb və bu boşluq həm regional inkişafı, həm də dayanıqlı sülh perspektivlərini məhdudlaşdırıb. Məhz bu kontekstdə Ermənistanla ticarət əlaqələrinin inkişafı məsələsi labüdlük kimi deyil, təhlükəsizlik, suverenlik və milli maraqlar prizmasından dəyərləndirilməli strateji seçim kimi ortaya çıxır. Prosesin necə və hansı mərhələlərlə irəliləyəcəyi isə tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və bölgədə yeni iqtisadi arxitekturanın formalaşması ilə birbaşa bağlı olacaq.
Nazirin səsləndirdiyi fikirlər barədə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:
“Əgər sülh varsa onda çox tezliklə Ermənistan və Azərbaycan arasında ilkin mərhələdə müəyyən ticarət əlaqələri qurulacaq. Bu proses zamanla inkişaf edəcək. Ermənistan Azərbaycanla ticarət və iqtisadi əlaqələri yalnız yanacaq tədarükü ilə məhdudlaşdırmaq niyyətində deyil. İqtisadi əlaqələrin və nəqliyyat qovşaqlarının açılması daha çox Ermənistan iqtisadiyyatına fayda verəcək. Bu, onlara daha çox lazımdır, nəinki bizə. Bu əlaqələr olmadan da biz illərlə iqtisadiyyatımızı inkişaf etdirmişik, Ermənistan iqtisadiyyatını çökdürmüşdük. Hazırda Azərbaycandan Ermənistana idxalın mövcudluğu və buna qarşı hüquqi və texniki maneələrin olmaması faktiki olaraq etirafdır ki, tərəflər arasında qeyri-rəsmi iqtisadi əlaqələr artıq formalaşmaqdadır və bu proses geri dönməz xarakter ala bilər. Bu kontekstdə ixrac məsələsi sülh prosesinin mühüm “sınaq mərhələsi”dir".
Parlamentari söyləyib ki, Azərbaycan bölgədə, xüsusən də Cənubi Qafqazda sülhün formalaşmasında, eyni zamanda stabillikdə maraqlıdır: "Əslində müqayisəli üstünlüklə bağlı aparılan qiymətləndirmələr göstərir ki, bu gün praktik olaraq, xüsusən müqayisəli üstünlüyə malik olan məhsulların idxal və ixracı həyata keçirilə bilər. Azərbaycan üçün həmin məhsulları Ermənistan bazarına ixrac etmək daha çox gəlir əldə etmək imkanı verərsə, təbii ki, bu halda ticarət əlaqələrinin formalaşması mümkündür. Nəzərə alsaq ki, Ermənistan da müəyyən məhsulları ixrac edir, bu kontekstdən də müqayisəli üstünlüyə baxıla bilər”.
Ayhan
12:53 29.12.2025
Oxunuş sayı: 3255