Vurulan AZAL təyyarəsi ilə şübhələr artır: Azərbaycanın yekun cavabı necə olacaq?
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı beynəlxalq miqyasda formalaşmış aydın və birmənalı rəy fonunda istintaq prosesinin gedişi ətrafında yaranan son qərarlar ciddi narahatlıq doğurur. Hadisədən sonra aparılan araşdırmalar, o cümlədən Qazaxıstan tərəfinin yaydığı rəsmi hesabat, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ortaq mövqeyi qəzanın texniki nasazlıq nəticəsində deyil, kənar müdaxilə – konkret olaraq təyyarənin vurulması səbəbindən baş verdiyini açıq şəkildə ortaya qoyub. Məhz bu reallıqlar fonunda Rusiya İstintaq Komitəsinin cinayət işinə xitam verməsi rəsmi Bakı üçün anlaşılmaz və qəbuledilməz suallar doğurur.
Xarici işlər naziri Ceyhun Bayramovun açıqlamaları göstərir ki, Azərbaycan tərəfi bu faciə ilə bağlı yalnız hüquqi prosedurların formal icrası ilə kifayətlənmir, eyni zamanda qarşı tərəfin siyasi, hüquqi və mənəvi məsuliyyət daşımasını gözləyir. Rəsmi Bakının mövqeyinə görə, onlarla insanın həyatına son qoymuş bu hadisənin obyektiv və tam istintaqı aparılmadan, habelə günahkar şəxslərin hərəkətlərinə hüquqi qiymət verilmədən prosesin bağlanması nə beynəlxalq hüququn tələblərinə, nə də insani ədalət anlayışına uyğundur. Azərbaycan açıq şəkildə bildirir ki, Rusiya tərəfi tərəfindən verilmiş etiraf və kompensasiya vədləri tam və şəffaf şəkildə icra olunmalı, istintaq prosesi isə nəticəyönümlü və məsuliyyət daşıyan mexanizmlərlə tamamlanmalıdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Rusiyanın təyyarə qəzası ilə bağlı prosesdən yayınmasında məqsəd məsələni öz üstündən atmasıdır. Amma bu, işin dayanmasına əsas vermir. Bu məsələni həm Azərbaycan, həm də Qazaxıstan araşdırır. Azərbaycanın Rusiyanın bu məsələyə yanaşmasına olacaq yekun cavabını gözləyəcəyik. Proses ölkə rəhbərliyinin tam nəzarətindədir".
Elmir Heydərli
11:42 29.12.2025
Oxunuş sayı: 4148