Xankəndi illərin göz yaşından sonra yenidən Azərbaycanla ədalət yolunda...
1991-ci ilin 28 dekabrı… O gün heç kəs bilmirdi ki, atdıqları addımlar onları ölümə aparacaq, ailələrindən ayıracaq, evlərini tərk etməyə məcbur edəcək. O gün vəhşicəsinə bir qaranlıq gəldi, minlərlə ümid birdən söndürüldü. İnsanların arzuları, gələcək planları, uşaqlarının təbəssümü, həyatlarının davamı bir anlıq puç oldu.
O gecə Xankəndi yalnız daşların və evlərin yox, həm də insan talelərinin işğalı ilə yadda qaldı. Hər küçədə bir faciə, hər evdə yarımçıq qalmış həyatların izi vardı. Nə qədər azərbaycanlının şəhərdən çıxarıldığı o gecə, insanlıq üçün unudulmaz bir dərs oldu. Ümidlər əllərdən sürüşdü, xatirələr isə ürəklərdə ağır yük kimi qaldı.
Bu gün o faciənin üzərindən 34 il keçir. Amma o gecənin səsi, itirilmiş həyatların xatirəsi hələ də ürəklərdədir. Hər addımda, hər düşüncədə o faciənin izləri görünür. Tarixin vətəni Xankəndi, insanların qəhrəmanlığı və dözümü ilə, nəhayət, azadlıq yoluna qədəm qoyur. 1991-ci ilin dekabrında başlayan zülmün, 34 il sonra ədalətlə nəticələnməsi bilməyimız isə göstərir ki, həqiqət və tarix, ədalət heç vaxt unudulmur.
Tarix elmləri üzrə fəlsəfə doktoru, BDU-nin dosenti Boran Əziz Crossmedia.az-a Xankəndinin keçmiş taleyi barədə açıqlama verib:

"Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Xankəndi olmuşdur. Qarabağ xanlığı dövründə bu ərazi, xanların Şuşaya çıxarkən qış aylarında çətinlik çəkdikləri zaman məskən saldıqları, yaxud Ağdam və digər ərazilərdən Şuşaya gedərkən aralıq istirahət yeri və yem anbarları kimi istifadə olunan məhşur bir yer olmuşdur. Çar Rusiyasının işğalı zamanı isə Xankəndi hərbi qərargah rolunu oynayıb. Burada 197 nəfərdən 195-i rus, yalnız 2 nəfəri azərbaycanlı idi. Sonrakı illərdə Dağlıq Qarabağ muxtar vilayəti yaradıldıqda, şəhər onun mərkəzinə çevrildi. Ermənilər bu şəhərə Stelanakert adını verdilər, adını isə Azərbaycan xalqının qatı düşməni sayılan Şaumyanın adına qoydular".
Tarixçi qeyd edib ki, sovet dövründə Xankəndinin tamamilə işğalı 1980-ci illərin sonlarına təsadüf edir:
"1989-cu ilin yanvarında Sovet rəhbərliyi Azərbaycan SSRİ konstitusiyasına zidd olaraq burada xüsusi idarəetmə komitəsi yaratdı və onun sədri Arkadi Vloske təyin edildi. Qısa müddət ərzində bu idarəetmə bütün vilayəti Azərbaycanın hüquqi statusundan çıxararaq birbaşa Ermənistana və Moskvaya tabe etdi. Nəticədə, Dağlıq Qarabağın heç bir idarəetmə müəssisəsi Azərbaycana tabe olmamışdır.
Ən dəhşətlisi odur ki, həmin dövrədək Xankəndidə 12.000-dən artıq azərbaycanlı yaşayırdı. Bunların əksəriyyəti Xankəndi pedoqoji universitetinin müəllimləri, tələbələri, həkimlər və orta məktəb müəllimləri, həmçinin azərbaycanlı şagirdlər idi. Qısa zamanda Vloskenin rəhbərliyi nəticəsində azərbaycanlılar kütləvi şəkildə ərazidən çıxarıldı. Xüsusilə 1989-cu ilin dekabrında Xankəndidə demək olar ki, azərbaycanlı qalmadı".
Boran Əziz bu dövrdə azərbaycanlılara qarşı dəhşətli qətliamlar həyata keçirildiyini və faktiki soyqırımlar baş verdiyini də xatırladıb:
"Beləliklə, ermənilər burada qəddar bir siyasət yürütmüşdülər.
Amma 44 günlük Vətən müharibəsindən sonra vəziyyət dəyişdi. Xankəndindəki separatçılar və xalqımıza qarşı soyqırım törədən ermənilərin sonunun yaxınlaşdığı hiss edildi. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Xankəndi düşmənlərdən azad edildi. Eyni zamanda şəhərdə keçirilən zəfər paradı düşmənə vurulan ən böyük zərbələrdən biri oldu.
Beləliklə, tarixi ədalət Ali Baş Komandanımızın fəaliyyəti və şəhidlərimizin nəticəsində bərpa olundu".
Beləliklə, Prezidentimiz Cənab İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla 100 illik ədalətsizliyə, işğal və separatçı siyasətə son qoydu. Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın qəhrəmanlığı, igidliyi və əzmkarlığı sayəsində yalnız 2020-ci ilin noyabrındakı möhtəşəm qələbə ilə kifayətlənməyib, 2023-cü ilin sentyabrında Xankəndi də erməni terrorizminin və talançılığının əlindən azad edildi.
Bu azadlıq təkcə bir şəhərin deyil, Azərbaycanın bütövlüyünün, suverenliyinin və tarixən itirilmiş haqlarının bərpasının rəmzidir. Xankəndi indi həm keçmişin faciələrini xatırladır, həm də gələcəyə inamla baxan azadlıq simvoluna çevrilmişdir.
Azad edilmiş şəhər - Xankəndi, itirilmiş həyatların xatirəsinə hörmət vəd edir və göstərir ki, zülm nə qədər uzun sürsə də, həqiqət və ədalət hər zaman qalib gəlir.
Beləliklə, Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən bu əməliyyat 100 illik separatizmi məhv edərək Azərbaycanın haqq yolunda qətiyyətini tarixə yazdı.
Fatimə Məmmədova
13:18 27.12.2025
Oxunuş sayı: 7247