Prezident İlham Əliyevin praqmatik diplomatiyaya əsaslanan yanaşması Azərbaycanın regional təşəbbüslərini gücləndirib - RƏY
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın milli maraqlarının ardıcıl, prinsipial və qətiyyətli şəkildə təmin olunmasına yönəlmişdir. Dövlət başçısının praqmatik diplomatiyaya, beynəlxalq hüquqa və qarşılıqlı maraqlara əsaslanan yanaşması Azərbaycanın regional təşəbbüslərini gücləndirmiş, ölkənin siyasi çəkisini və etibarlı tərəfdaş imicini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, regional əməkdaşlıq platformaları və çoxtərəfli diplomatik formatlarda fəal iştirak Prezident İlham Əliyevin xarici siyasət strategiyasının əsas sütunlarını təşkil edir və beynəlxalq əməkdaşlığın dərinləşməsinə real töhfə verir.
Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi postmünaqişə dövründə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində həlledici rol oynamışdır. Onun siyasi iradəsi və diplomatik təşəbbüsləri nəticəsində sülh prosesinin məzmunu və gündəliyi məhz Azərbaycan tərəfindən formalaşdırılmışdır. Bu baxımdan, 2025-ci il 7–8 avqust tarixlərində Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş Sülh Sammiti xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış Birgə Bəyannamə Azərbaycanın sülh təşəbbüslərinə beynəlxalq dəstəyi təsdiqləmiş, sülh sazişinin imzalanması və ratifikasiyası, regional nəqliyyat və kommunikasiya xətlərinin açılması, eləcə də ATƏT-in Minsk Prosesinin fəaliyyətinə son qoyulması ilə bağlı fundamental müddəaları ehtiva etmişdir. Bu sənəd münaqişənin de-yure başa çatması istiqamətində mühüm diplomatik mərhələ kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin liderliyi ilə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda “Qərbi Azərbaycan” mövzusu da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində Qərbi azərbaycanlıların hüquqları, tarixi ədalət və sülh yolu ilə qayıdış konsepsiyası beynəlxalq gündəliyə çıxarılmışdır. Bu məsələ Asiya Parlament Assambleyasının, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA), İslam Əməkdaşlıq Təşkilatının rəsmi sənəd və qətnamələrində öz əksini tapmışdır.
Prezident İlham Əliyevin strateji baxışa əsaslanan xarici siyasəti Azərbaycanı regional proseslərin təşəbbüskarı və qlobal müstəvidə etibarlı aktor kimi möhkəmləndirmiş, ölkənin milli maraqlarının beynəlxalq səviyyədə qorunmasını təmin etmişdir.
Rizvan Nəbiyev,
Milli Məclisin deputatı
14:56 24.12.2025
Oxunuş sayı: 3183