Biləsuvarda dini tolerantlıqla bağlı konfrans keçirilib
Biləsuvarda "Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti" mövzusunda konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərov bildirib ki, dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, bütün dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşamasına mühüm töhfələr verir.
"Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir" - deyə, A.Cəfərov əlavə edib.
Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb:
"Bu isə müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Multikulturalizm modeli Azərbaycanda təkcə dövlət siyasəti deyil, həm də əsrlərdən gələn birgəyaşayış ənənəsinin təzahürüdür".
Komitənin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilovun fikrincə, müasir dünyada sabitliyin, təhlükəsizliyin və cəmiyyət birliyinin qorunması üçün ən vacib amillərdən biri dini tolerantlıqdır.
"Bu, yalnız anlayış və mərhəmət nümunəsi deyil, həm də cəmiyyətin inkişaf strategiyasıdır. Ölkəmizdəki multikultural mühit müxtəlif dini icmaların sərbəst və qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərməsinə tam təminat verir" - deyə, bölmə rəhbəri əlavə edib.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid atası Nəriman Məcidov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, eləcə də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyətindən danışıblar.




19:16 10.12.2025
Oxunuş sayı: 981