Uşaq evinin sakinləri Akademik Musiqili Teatrın qonağı olub
Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun məşhur “Yatmış gözəl” nağılının motivləri əsasında rejissor Anar Babalının səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” tamaşası nümayiş olunub.
Balaca teatrsevərlərin hər zaman maraqla izlədiyi səhnə əsərinin bu dəfəki tamaşaçıları sırasında həssas əhali qruplarından olan uşaq evinin sakinləri də yer alıblar. Uşaqlar rəngarəng səhnə tərtibatı və dinamik quruluşu ilə seçilən tamaşanı böyük maraqla qarşılayaraq xoş təəssüratlarını ifadə ediblər.
Uşaq evinin loqopedi Tahirə Məmmədova müəssisənin rəhbərliyi və uşaqlar adından Musiqili Teatrın kollektivinə təşəkkür edib. O, xoşbəxt sonluqla tamamlanan bu nağıl-tamaşanın uşaqların dünyagörüşünə və əhval-ruhiyyəsinə pozitiv təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, belə görüşlər Musiqili Teatrın sosial yönümlü layihələri çərçivəsində həyata keçirilir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Ayan Sədi
17:15 04.12.2025
Oxunuş sayı: 1868