Müsəlman kimliyimiz boş qaldıqda yad ideologiyalar bu boşluğu doldurmağa çalışır - İlahiyyatçı

Müasir dünyada dini amildən siyasi və ideoloji məqsədlər üçün istifadə halları getdikcə artır. Xüsusilə qeyri-ənənəvi radikal təriqətlərin yayılması və onların təsir imkanlarının genişlənməsi cəmiyyət üçün ciddi təhlükələr yaradır. Deputat Ceyhun Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanın uğurları artdıqca müəyyən qüvvələr dini sahədə daha da fəallaşırlar. Din onlar üçün əsas təsir vasitəsinə çevrilib və bu cəhdlərin gələcəkdə də artacağı istisna edilmir. Bu baxımdan ölkədə dini sahədə vəziyyətin dərindən öyrənilməsi və müzakirə olunması vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli isə vurğulayıb ki, Azərbaycanda uzun illərdir milli-mənəvi dəyərlərlə yanaşı dini dəyərlərin təbliği də aparılır:
“Artıq milli kimliyimizlə dini kimliyimiz arasında haçalanma yoxdur, əksinə, bir ittifaq, bir birlik mövcuddur. Bu ənənə son illərin məhsulu deyil, yüzilliklərdən gəlir. Biz xalq olaraq həm keçmişimizə, həm də mənəviyyatımıza bağlıyıq”.
Onun sözlərinə görə, müstəqillik dövründən sonra dünyada baş verən proseslər radikal dini cərəyanların yayılmasına yol açdı və Azərbaycan da bu təsirlərdən kənarda qalmadı. Lakin dövlətin uzaqgörən siyasəti bu təhlükələri minimuma endirmək istiqamətində mühüm addımlar atıb.
Ağa Hacıbəyli hesab edir ki, radikal meyillərin qarşısının alınmasında əsas vasitə maarifləndirmədir: “Müsəlman kimliyimiz boş qaldıqda yad ideologiyalar bu boşluğu doldurmağa çalışır. Gənclər sürətli internet çağında müxtəlif mənbəyi bəlli olmayan məlumatlarla qarşılaşır, bu isə informasiya kirliliyi yaradır. Nəticədə yanlış fikirlər formalaşır və bəzən insanlar fanatizmə sürüklənirlər”.
İlahiyyatçı bildirib ki, xaricdən dəstəklənən bəzi dairələr gənc nəslin dünyası ilə oynamağa çalışır. Buna görə də gənclərin maarifləndirilməsi, Quran və Peyğəmbərimizin (s.ə.s.) əxlaqı, Əhli-beyt haqqında bilgilərin düzgün çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Ağa Hacıbəylinin fikrincə, Azərbaycanda mövcud olan beş məzhəb arasında münasibətlər bərabər prinsiplərlə qurulub və bu xəttin qorunması vacibdir: “Məzhəbçiliyə yox, məzhəbdə olmağa üstünlük verilməlidir. Məzhəbsizlik ayrı bir fəlakətdir və ölkədə birliyə mənfi təsir göstərə bilər. Bu səbəbdən ruhanilərimiz, ziyalılarımız daim mənəvi dəyərləri təbliğ etməlidirlər”.
İlahiyyatçı həmçinin vurğulayıb ki, bu gün məscidlərdə vahid mövqenin formalaşması böyük nailiyyətdir. Lakin düşmən qüvvələr yeni metodlarla topluma sirayət etməyə çalışır və buna qarşı da daim yeni maarifləndirmə üsullarına ehtiyac var.
Mehriban Yariyeva
15:10 12.09.2025
Oxunuş sayı: 1331