Masallıda "Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində" mövzusunda seminar-treninq keçirilib

Masallıda din xadimləri üçün "Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində" mövzusunda seminar-treninq keçirilib.
Crossmedia.az xəbər verir ki, avqustun 27-28-ni əhatə edən
seminarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən
Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkil edib.
Bölgənin din xadimləri və dini icma sədrlərinin iştirak
etdiyi tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi,
ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov "İslamda məzhəb
anlayışı və məzhəbçiliklə mübarizə" mövzusunda çıxış edib. O, məzhəblərin
İslamın zənginliyini nümayiş etdirdiyini, ancaq məzhəbçiliyin müsəlmanlar
arasında dözümsüzlük və təəssübkeşlik yaradan problem olduğunu diqqətə
çatdırıb. Bildirib ki, məzhəb ayrı-seçkiliyi ilə mübarizənin ən effektiv yolu
maarifləndirmə, tolerantlıq dəyərlərinin təşviqidir. A.Həbibov din xadimlərinin vəhdət və
qardaşlıq mesajlarını təbliğ etməklə cəmiyyətdə birlik və həmrəyliyi gücləndirməli
olduqlarını vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının
müəllimi, "Hacı Cavad" məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru
İbrahim Quliyev isə "Müasir gənclik və İslam: din xadimləri nə etməlidir?"
mövzusunda çıxış edərək bildirib ki, müasir gənclik özünəməxsus suallar və çətinliklərlə
üzləşir. O vurğulayıb ki, gənclərin dini inancını gücləndirmək üçün onlarla
açıq dialoq aparmaq, fikirlərini dinləmək və doğru cavablar vermək vacibdir.
İbrahim Quliyev qeyd edib ki, din xadimləri gənclərin müasir texnologiyalar və
sosial şəbəkələr vasitəsilə yayılan yanlış məlumatlardan qorunmasına kömək etməli,
maarifləndirmə işlərini gücləndirməlidirlər.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə
prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov "Zərərli
dini cərəyanlara qarşı mübarizə üsulları" mövzusunda çıxış edib. O, dini
müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi olduğunu, ancaq zərərli dini cərəyanların
milli birliyə və ictimai sabitliyə təhdid yaratdığını bildirib. M.Mürsəlov zərərli
dini cərəyanlarla mübarizədə maarifləndirmənin, dini savadlılığın
artırılmasının və İslamın mahiyyətinin düzgün təbliğinin əsas rol oynadığını
qeyd edib. O, ailə və məktəbin gənclərin düzgün dini tərbiyəsində vacib yer
tutduğunu, həmçinin sosial mediada radikal ideologiyalara qarşı mübarizənin
gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun
müavini Ceyhun Əliyev "Azərbaycanda dini mühit və kənar təsirlər"
mövzusunda çıxış edib. O, ölkədə çoxkonfessiyalı və tolerant dini mühitin
mövcud olduğunu, lakin qlobal və regional dairələrin bu sahəyə təsir göstərməyə
cəhd etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu təsirlər əsasən məzhəbçilik,
parçalanma və dinin siyasiləşdirilməsi məqsədilə həyata keçirilir. Maarifləndirmə,
dövlətlə əməkdaşlıq və din xadimlərinin rolu bu təsirlərə qarşı mübarizədə önəmlidir.
Sonda iştirakçılar fikir və təkliflərini bölüşüb, din xadimlərinin
sualları cavablandırılıb.
18:25 28.08.2025
Oxunuş sayı: 1148