Allahşükür Paşazadə Keyptaunda Məhəmməd Elsanusi ilə Vaşinqton görüşünü müzakirə edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı Məhəmməd Elsanusi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar barədə müzakirələr aparıb.
Crossmedia.az xəbər verir ki, görüş Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forum çərçivəsində baş tutub.
QMİ sədri bu razılaşmaların əldə edilməsində ABŞ Prezidenti Donald Trampın rolunu vurğulayıb. M.Elsanusi Azərbaycanın dünyada dinlərarası dialoq və əməkdaşlıq müstəvisində fəal rolunu vurğulayaraq özünün Bakıda keçirilən Dini Liderlərin II Sammitində və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirakını xatırladıb.
Danışıqlar zamanı həmçinin Azərbaycandakı dini konfessiyaların nümayəndələrinin ABŞ-yə səfəri və Dini Azadlıqlar Komissiyası ilə ünsiyyət perspektivi müzakirə edilib. A.Paşazadə dini azadlıqlara dair hesabatlar hazırlanarkən Azərbaycandakı mövcud reallıqlara əsaslanmanın vacibliyini vurğulayıb.
QMİ sədri daha sonra Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi İdarə Heyətinin sədri İbrahim Salih əl-Nəimi ilə Azərbaycanın dinlərarası və məzhəblərarası modelini müzakirə edib. Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi ilə səmərəli əməkdaşlığı inkişaf etdirmək niyyəti qeyd edilib.
A.Paşazadə forum çərçivəsində Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş katibinin müşaviri Adama Dienq və MAŞ Baş katibinin məsləhətçisi Məhəmməd Bəhr, həmçinin Özbəkistan nümayəndə heyəti ilə görüşüb.
12:29 13.08.2025
Oxunuş sayı: 600