Fuad Hüseynəliyev: Azərbaycan etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğu dövlətlərdəndir

Bu gün Azərbaycan etiqad azadlığının, multikultural dəyərlərin ən yüksək səviyyədə təmin olunduğu dünyəvi dövlətlərdəndir.
Crossmedia.az verir ki, bunu "Report İnformasiya Agentliyi” MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfrans çərçivəsində panel sessiyada deyib.
Onun sözlərinə görə, bu tolerantlığın özünün doğurduğu çağırışlar da var və onları diqqətdən qaçırmaq olmaz: "Bir çox hallarda kənar qüvvələr din faktorundan bu və ya digər dövlətə, cəmiyyətə təsir, bəzən isə təzyiq üçün istifadə edə bilirlər.
Dini məsələlər hər zaman həssas mövzu olduğundan ictimai rəyi yanlış yönəltmək, manipulyasiya etmək, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr üçün ən münbit informasiya məkanıdır".
Fuad Hüseynəliyev qeyd edib ki, sosial media gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və bu, dini mövzularda arzuolunmaz məlumatların daha sürətlə yayılmasına gətirib çıxarır.
Fuad Hüseynəliyev əlavə edib ki, qeyri-leqal dini təbliğat adətən fərqli adlar altında aparılır:
“Bunun üçün dini mövzuları işıqlandıran jurnalistlərin özləri sahəni yaxşı bilməlidirlər. Necə ki, bizdə iqtisadi jurnalistika, idman jurnalistikası, mədəniyyət jurnalistləri var, eləcə də dini jurnalistika da ixtisaslaşmış olmalıdır”.
(APA)
21:47 15.07.2025
Oxunuş sayı: 1090