14 iyul — Azərbaycanın yeni tarixinin başlanğıcı

14 iyul 1969 — bir millətin qəlbində açılan səhifə, taleyin istiqamətini dəyişən an idi. Sanki Azərbaycan uzun bir yuxudan oyanırdı. O gün Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdə, tarix səssizcə pıçıldadı: “Yeni bir dövr başlayır…”
Onun rəhbərliyi ilə ölkənin taleyi yenidən yazıldı – vətənin sabahına yönəlmiş, müstəqil və güclü Azərbaycan ideyasını daşıyan yeni bir kitab açıldı. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan addım-addım, inamla irəlilədi. Bu dövr inkişafa aparan yolun başlanğıcı oldu. Xalqın zəhməti dövlətin strategiyası ilə birləşdi, təməllər elə möhkəmləndi ki, indi heç bir qüvvə onu sarsıda bilmir və bilməz!
O dövrdə Azərbaycan SSR həm iqtisadi, həm də sosial baxımdan SSRİ daxilində geri qalmış bir respublika kimi tanınırdı. Rüşvətxorluq, idarəetmədə xaos, vətəndaşların sosial təminatındakı çatışmazlıqlar geniş yayılmışdı. Məhz belə bir şəraitdə yeni liderlik Azərbaycan üçün ümid doğurdu.
Heydər Əliyevin birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə milli dirçəliş prosesi başlandı. İlk addım olaraq idarəetmədə səmərəliliyin artırılmasına və iqtisadi potensialın reallaşdırılmasına yönəlik geniş islahatlara start verildi. İllər ərzində respublikada yüzlərlə yeni sənaye müəssisəsi yaradıldı, kənd təsərrüfatı yenidən quruldu, şəhərsalma və infrastruktur sahələrində böyük layihələr həyata keçirildi. Bakı ətrafında yeni yaşayış massivləri salındı, mənzillər, məktəblər, xəstəxanalar tikildi. Azərbaycan istehsalı olan məhsullar dünya bazarlarına çıxarıldı və respublikanın sənaye gücü SSRİ daxilində mühüm yer tutmağa başladı.
Təhsil və kadr hazırlığı sahəsində də ciddi dönüş yaşandı. Gənc azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün şərait yaradıldı, yeni ali və orta ixtisas təhsil müəssisələri açıldı. Milli hərbçi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması isə bu sahədə dönüş nöqtəsi oldu. Gənclərə yeni imkanlar verildikcə milli ruh daha da gücləndi.
Mədəni sahədə də xüsusi canlanma müşahidə olundu. Azərbaycan dilinə və mədəni irsinə olan diqqət artdı. Ədəbiyyat və incəsənət sahəsində böyük tədbirlər keçirildi, klassiklərin yubileyləri qeyd olundu, milli kimlik və azərbaycançılıq ideologiyası gücləndirildi. Heydər Əliyev öz çıxışlarında ana dilinə xüsusi önəm verərək Azərbaycan xalqının milli ruhunu oyatdı.
Neft sənayesində isə strateji yanaşmalar öz bəhrəsini verdi. Dərin Dəniz Özülləri Zavodunun tikintisi, “Şelf” qazma qurğularının quraşdırılması kimi mühüm layihələr gələcəkdə Azərbaycanın enerji siyasətinin əsasını təşkil edəcək idi. Bu dövrdə atılan addımlar illər sonra “Əsrin müqaviləsi”nin imzalanmasına və müstəqil enerji siyasətinin formalaşmasına zəmin yaratdı.
Bütün bu uğurların arxasında isə bir ideya dayanırdı: “ Azərbaycan xalqı öz taleyini özü yazmağa qadirdir”. Bu ideya, zamanla — bir xalqın dirənişinə, yüksəlişinə çevrildi. Uğurların kökü xalqın gücündə, ümummilli liderin uzaqgörənliyində idi. Çünki Heydər Əliyev yalnız bir idarəçi deyildi — o, milli ruhun qəhrəmanı, xalqın tale kitabını başdan yazan bir müəllif idi.
1990-cı illərin əvvəlində ölkəmiz yenidən bir sınaqla üz-üzə idi. Sovet imperiyasının dağılması ilə müstəqillik qazanılsa da, bu azadlıq dağınıq, qaranlıq və təhlükəli yollarla doluydu. Daxili siyasi böhran, separatçılıq cəhdləri, xarici təhdidlər… Vətən yenidən çətin günlər yaşayırdı. Bu ağır tarixi məqamda xalqın gözləri yenidən bir ümidə yönəldi — Heydər Əliyevin qayıdışına. 1993-cü ilin iyununda xalqın təkidi və siyasi zərurət nəticəsində Heydər Əliyev ikinci dəfə siyasi səhnəyə qayıtdı. Bu, yalnız bir liderin geri dönüşü deyildi. Bu, Azərbaycan tarixində Qurtuluşun başlanğıcı idi. Onun hakimiyyətə qayıdışı ilə ölkə həyatında sabitlik yaranmağa başladı. İdarəetmə strukturunda islahatlar aparıldı, ayrı-ayrı bölgələrdə separatçı meyllər yatırıldı. Milli dövlətin hüquqi bazası formalaşdırıldı. 1995-ci ildə ilk dəfə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Onun dövlətçilik fəlsəfəsi və milli ideyaları Azərbaycanı dirçəltdi, sabaha yönəltdi. Bu yolun davamı isə İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndi, daha da yüksəldi.
İlham Əliyev ilk gündən xalqın etimadını doğrultdu. İlham Əliyev atasının başladığı neft strategiyasını uğurla davam etdirdi, “Əsrin müqaviləsi”nin bəhrəsini reallaşdırdı və Azərbaycanın enerji siyasətini qlobal səviyyəyə çıxardı. Onun rəhbərliyi ilə ölkəmiz strateji iqtisadiyyat, güclü ordu, balanslı diplomatiya və milli-mədəni dirçəliş sahələrində böyük uğurlar əldə etdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyinin zirvəsi oldu. O, atasının başladığı yolu davam etdirərək Azərbaycanı müasir dünyada güclü, qüdrətli və müstəqil bir dövlətə çevirdi. İndi isə tarix ümüdlə, inamla və İLHAMLA yazılmağa davam edir.
Nəzrin Salmanova
12:52 14.07.2025
Oxunuş sayı: 985