Suverenliyimizin carçısı olan qəhrəmanlıq salnaməsi

Bu gün Tovuz döyüşlərindən beş il keçir. Beş il əvvəl – 2020-ci ilin iyulunda baş vermiş bu döyüşlər təkcə hərbi qarşıdurma deyildi. Bu, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və xalqımızın milli ləyaqəti naminə atılmış qətiyyətli bir addım idi. Tovuz döyüşləri, əslində 44 günlük Vətən müharibəsinin ayaq səsləri, bir millətin oyanışının və milli birliyin təntənəsi idi.
Ermənistanın uzun illərdir davam edən pozuculuq siyasəti, təxribatları və revanşist mövqeyi bu döyüşlərin əsas səbəbi oldu. 2020-ci ilin iyulunda Azərbaycan Ordusunun müşahidələrinə əsasən, Ermənistan tərəfi sərhəd bölgəsində hərbi canlanma yaratmış, ordu sıralarında yerdəyişmələrə başlamışdı. Atəşkəs rejimi sistemli şəkildə pozulur, Azərbaycan mövqeləri intensiv artilleriya atəşinə tutulurdu. Erməni silahlı qüvvələrinin Goranboy istiqamətində artilleriya qurğuları ilə irəliləməsi bu təxribatın açıq sübutu və döyüşlərin başlanğıcı oldu.
Döyüşlər 12 iyuldan 16 iyula qədər davam etdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun gözləmədiyi qədər güclü və peşəkar cavab tədbirləri ilə susduruldu. Tovuz döyüşləri göstərdi ki, Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil – bu, güclü, nizami və intizamlı ordusu olan, öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadir bir dövlətdir.
Bu döyüşlərdə sadəcə torpaq müdafiə olunmadı, həm də milli ruh yenidən alovlandı. 14 iyul – döyüşlərin ikinci günündə general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid oldular. Bu itkilər xalqın qəlbini dərin sarsıtsa da, eyni zamanda gənclərimizdə öz Vətəninə xidmət etmək arzusunu daha da gücləndirdi. Polad Həşimovun sadə, təvazökar şəxsiyyəti və vətənə olan sarsılmaz sevgisi onu xalq qəhrəmanına çevirdi. Onun şəhid olduğu xəbər yayıldıqda, küçələrdə minlərlə insan toplaşdı – bu, təkcə bir generalın yas mərasimi deyildi, bu, millətin birliyinin, dirəniş ruhunun təcəssümü idi.
Tovuz döyüşləri zamanı şəhid olan 13 igidimiz əslində 13 min gəncə ilham verdi. Bu döyüşlərdən sonra minlərlə gənc Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən sadəcə bunu alqışlayıram” sözlərinə cavab olaraq könüllü şəkildə ordu sıralarına qoşuldu. Xalqın birliyi, dövlətin iradəsi və millətin azadlıq istəyi daha da gücləndi.
Tovuz döyüşlərində əldə edilən uğur təkcə hərbi gücün deyil, həm də diplomatik bacarıq və balanslı xarici siyasətin nəticəsi idi. Azərbaycanın beynəlxalq aləmdə apardığı prinsipial və çevik diplomatiya nəticəsində Qazaxıstan, Türkiyə, Pakistan, Ukrayna, Moldova və Böyük Britaniya baş verənlərlə bağlı Azərbaycanın mövqeyini müdafiə etdilər. Bu, artıq dünya dövlətlərinin Azərbaycanın öz taleyini müəyyənləşdirmək gücündə olan, müstəqil və söz sahibi bir ölkə olduğunu qəbul etdiklərini göstərdi.
Təbii ki, buqəhrəmanlıq salnaməsinin mərkəzində isə güclü liderliyi ilə xalqı birləşdirən, milli iradəni təcəssüm etdirən Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində reallaşdı. Tovuz döyüşləri zamanı göstərilən siyasi qətiyyət, beynəlxalq münasibətlərin çevik şəkildə qurulması, informasiya müharibəsində məntiqli və əsaslı mövqe tutmaq, məhz onun rəhbərliyi ilə gerçəkləşdi. O, bu döyüşlərdə təkcə bir dövlət başçısı deyil, xalqın arxasında dayanmış, ordusuna inanan və öz torpaqlarını göz bəbəyi kimi qoruyan sərkərdə olduğunu sübut etdi.
Tovuz döyüşləri Vətən müharibəsinin əslində ön sözünə çevrildi. Bu döyüşlər millət olaraq nə qədər hazırlıqlı, iradəli və həmrəy olduğumuzu nümayiş etdirdi. Beş il əvvəl Tovuz səmasında səslənən ilk top atəşi 30 illik həsrətin sonunu, Zəfər yolunun başlanğıcını müjdələdi.
Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu azadlıq və şərəf yolunu sonsuza qədər qoruyacağımıza and içirik. Tovuz döyüşləri bir qəhrəmanlıq dastanı kimi tarixə yazıldı və bu dastanı yazanlar heç zaman unudulmayacaq. Hər birimiz bir Mübariz, bir Polad olaraq, bu torpağın, bu millətin şərəfini daşımağa borcluyuq.
Ayhan
11:07 12.07.2025
Oxunuş sayı: 939