Tovuz döyüşlərindən 5 il ötür

Bu gün Tovuz döyüşlərinin başlanmasından 5 il ötür. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribat törədib. Azərbaycan Ordusu tərəfindən bu hücumun qarşısı qətiyyətlə alınıb.
Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılıb. Döyüşlər zamanı bir sıra hərbi qulluqçularımız qəhrəmancasına şəhid olub. Onlar arasında general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, eləcə də müddətdən artıq hərbi xidmət qulluqçuları — əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.
Tovuz döyüşləri həm də xalqın birliyini və Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirib. Bu qəhrəmanlıq salnaməsi Vətən müharibəsinə aparan yolun önəmli mərhələlərindən biri kimi yadda qalıb.
09:06 12.07.2025
Oxunuş sayı: 1427