Azərbaycan ərazisinin 12 faizi minalarla və partlamamış sursartlarla çirklənib - Deputat

Ermənistanın işğal dövründə Azərbaycanın ərazilərinə məqsədyönlü şəkildə basdırdığı minalar bu gün də ölkəmiz üçün ciddi humanitar və təhlükəsizlik probleminə çevrilib. Bu minalar təkcə hərbi məqsədlərlə deyil, eyni zamanda mülki əhalini hədəfə alan sistemli bir terror vasitəsi kimi istifadə olunub. İşğaldan azad olunmuş torpaqlarda hər gün baş verən mina partlayışları nəticəsində mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar həyatını itirir və ya ağır yaralanır. Bu, beynəlxalq humanitar hüququn, xüsusilə də mülki şəxslərin qorunmasına dair prinsiplərin kobud şəkildə pozulması deməkdir. Ermənistanın bu mina terroru təkcə fərdi insan hüquqlarına deyil, həm də bölgədə davamlı sülh və sabitliyin qurulmasına ciddi təhdid yaradır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanın 2030-cu ilədək milli prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflər kimi müəyyən edilib. Minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra onilliklər boyu sülhə, inkişafa böyük əngəl törədir. Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan hökumətinin əsas məqsədi vətəndaşların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtmasıdır. Bu qayıdışın hansı müddətdə baş verməsi ərazilərin minalardan təmizlənməsindən asılıdır”.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək xeyli sayda şəxs minaya düşərək həlak olub:
“Ermənistan mina terrorunu məqsədli şəkildə həyata keçirib. Təqdim olunan xəritələr isə effektiv olmayıb və real vəziyyəti tam əks etdirməyib. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layəqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır. Azərbaycan dünya miqyasında mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə 1.5 milyondan çox mina yerləşdirib. Ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış sursartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu faktlar sübut edir ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsidir. Müharibədən sonra xeyli ərazilər minalardan təmizlənib. Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir. Bunun nəticəsidir ki, müharibə artıq 5 ilə yaxındır bitsə də, mina qurbanlarının sayı getdikcə artır. Bunun əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. Əslində ermənilərin məqsədi ondan ibarətdir ki, biz azad edilmiş torpaqlarımızda məskunlaşma apara bilməyək. Ermənilər bütün bu addımlarını hesablayaraq atırlar. Amma Ermənistanın necə davranmasından asılı olmayaraq biz bilirik ki, Azərbaycan öz gücünə minaları da təmizləyəcək”.
Ayhan Ağarzayev
17:42 18.06.2025
Oxunuş sayı: 1185