Sərhədlərimizin bağlı olmasının səbəbi açılır – Təhlükəsizlik şərtdir! - Deputat

Dünyada geosiyasi gərginliyin artdığı, regional müharibələrin alovlandığı bir dönəmdə Azərbaycanın quru sərhədləri bağlı saxlamaq siyasəti müzakirə olunur. İsrailin İrana hücumundan sonra regionda yaşanan gərginlik və artan təhlükəsizlik təhdidləri fonunda Azərbaycanın zamanında quru sərhədlərin bağlı saxlanılması ilə bağlı verdiyi uzaqgörən qərarın doğruluğu bu gün öz təsdiqini tapır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib. Deputatı bildirib ki, Prezident İlham Əliyev quru sərhədlərilə bağlı qərarı hələ illər öncədən uzaqgörənliklə verib: “Bu, ilk belə hal deyil. Azərbaycan artıq çoxdan sübut edib ki, cənab Prezident bu qərarı vaxtında və strateji baxımdan doğru atıb. Azərbaycan çox yaxşı bilirdi ki, zaman gələcək, dünya nizamı pozulacaq, bölgədə qeyri-sabitlik yaşanacaq. Məhz buna görə dövlətimiz əvvəlcədən bütün addımlarını ehtiyatla və ağılla atıb, daxili sabitliyini təmin edib”.
Deputat son hadisələrin bu qərarın nə qədər yerində olduğunu bir daha göstərdiyini vurğulayıb: “Bu gün Rusiya-Ukrayna müharibəsi davam edir. Paralel olaraq, İran-İsrail arasında gərginlik artmaqdadır, Yaxın Şərqdə müharibə ocaqları genişlənir. Belə bir şəraitdə Azərbaycanın sərhədləri bağlı saxlaması tamamilə düzgün və təhlükəsizlik baxımından zəruri qərardır”.
Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizin bu yanaşması nəticəsində daxili sabitlik qorunub: “Əgər o uzaqgörən qərarlar vaxtında verilməsəydi, bu gün ölkəmizdə vəziyyət daha mürəkkəb və gərgin ola bilərdi. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycan dövlətinin atdığı bu addım tam əsaslı və haqlıdır. Qeyd etməliyik ki, sərhədlər yalnız vəziyyət tam sabitləşdikdən sonra açılmalıdır. Bu həm dövlətin təhlükəsizlik maraqlarına, həm də cəmiyyətin rifahına xidmət edir”.
Deputat eyni zamanda cəmiyyətin bu qərarı anlayışla qarşılamasının vacibliyini də vurğulayıb: “İnsanlarımız bu həqiqəti anlamalıdırlar. Dünyada vəziyyət gərgindir və Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər milli maraqlarımızın qorunmasına xidmət edir. Zaman göstərdi ki, bu, son dərəcə doğru, uzaqgörən və müdrik qərardır”.
Həmayıl Şükürlü
17:30 18.06.2025
Oxunuş sayı: 1053