İsrail Livanın cənubunda Hizbullah hədəflərini bombalayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullaha məxsus infrastruktur və hərbi obyektlərə hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İsrail Ordusunun sözçüsü Aviçay Adraee yayıb.
Onun sözlərinə görə, Səidə və ətraf bölgələrdə Hizbullahın yenidən qurduğu hərbi obyektlər, o cümlədən texnika və raket platformaları hədəfə alınıb.
Zərbələrin Livanla mövcud atəşkəs razılaşmasına baxmayaraq təşkilatın cənubdakı fəaliyyətlərinə cavab olaraq həyata keçirildiyi bildirilir.
Livanın rəsmi NNA agentliyi Səidənin Binəful qəsəbəsinin iki dəfə bombalandığını, eyni zamanda Nəbatiyə və Tire şəhərlərində də hava hücumlarının baş verdiyini bildirib.
İsrailə məxsus PUA-ların bölgə üzərində uçuşlarını davam etdirdiyi qeyd olunub.
Livan Səhiyyə Nazirliyinin Fövqəladə Əməliyyatlar Mərkəzinin açıqlamasına görə, hücumlar nəticəsində biri bələdiyyə işçisi olmaqla azı iki nəfər həlak olub.
Qeyd edək ki, 2024-cü ilin noyabrında İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunmuşdu.
Buna baxmayaraq, son aylarda İsrail ordusu Livanın cənubuna hava və artilleriya zərbələrini intensivləşdirib.
Xarici mənbələrin yazdığına görə, İsrail sərhəd xəttində razılaşmanın geri çəkilmə şərtlərinə əməl etmir və beş mövqedə mövcudluğunu qoruyur.
20:36 30.05.2025
Oxunuş sayı: 1162