Azərbaycan nümayəndə heyəti Düşənbədə Yüksək Səviyyəli Beynəlxalq Konfransda iştirak edir

Tacikistanın paytaxtı Düşənbə şəhərində işini başlayan və 41 ölkənin və 57 beynəlxalq təşkilatın təmsil olunduğu ilk “Buzlaqların qorunması” üzrə Yüksək səviyyəli Beynəlxalq Konfransda Azərbaycanın nümayəndə heyəti iştirak edir.
Bu barədə Crossmedia.az Nazirlər Kabinetinə istinadən məlumat verir.
Qeyd olunub ki, Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xarici İşlər Nazirliyinin rəsmiləri təmsil olunurlar.
Konfransın plenar iclasında çıxış edən Samir Şərifov buzlaqların mühafizəsinin yalnız regional deyil, eyni zamanda qlobal əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
O, buzlaqların sürətlə əriməsinin insanların gündəlik həyatı, ictimai səhiyyə, su və ərzaq təhlükəsizliyi, ekosistemlərin dayanıqlılığı, eləcə də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə göstərdiyi mənfi təsirləri baxımından ciddi təhdid yaratdığını vurğulayıb.
S.Şərifov Azərbaycanın da buzlaq ehtiyatlarına malik ölkə kimi bu məsələyə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.
Konfrans çərçivəsində Tacikistanın Baş Naziri Koxir Rasulzoda S.Şərifovu qəbul edib, bir sıra görüşlər keçirilib və iqlim dəyişikliyi ilə mübarizə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
16:50 30.05.2025
Oxunuş sayı: 980