Netanyahunun Azərbaycana səfəri niyə təxirə salındı? – Politoloqdan şərh

İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilmədən təxirə salınıb. Rəsmi səbəb kimi İsrailin Qəzza və Suriyada apardığı hərbi əməliyyatlar göstərilir. Digər versiyaya görə isə, Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından keçməsinə icazə verilməyib. Bu qərarın Ankara-Tel-Əviv münasibətlərindəki gərginliklə bağlı olduğu iddia olunur. Səfərin ləğvi regionda diplomatik balanslara da təsir edə bilər.
Mövzu ilə bağlı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun professoru Əlimusa İbrahimov Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, Netanyahunun Azərbaycana planlaşdırılan səfərinin təxirə salınması bu gün regionda və beynəlxalq aləmdə diqqətlə izlənilən əsas siyasi məsələlərdən biridir: "Səfərin təxirə salınması ilə bağlı müxtəlif versiyalar səsləndirilir və rəsmi qaynaqlardan birmənalı izah verilməyib. Müxtəlif siyasi çevrələr və ekspertlər bu qərarın səbəbi ilə bağlı fərqli fikirlər irəli sürür. Lakin səfərin baş tutmaması barədə əsas versiya İsrailin öz rəsmi dairələri tərəfindən irəli sürülən səbəblə – Suriyada və Qəzzada davam edən hərbi əməliyyatlarla əlaqələndirilir”.
Politoloqun sözlərinə görə, İsrail hazırda bir neçə cəbhədə – həm Qəzzada HƏMAS-a, həm də Livan sərhədində Hizbullaha qarşı əməliyyatlar həyata keçirir: "Eyni zamanda, Suriyada da son günlərdə intensiv hərbi addımlar atılıb. Müharibənin davam etməsi və əməliyyatların intensiv xarakter daşıması səbəbindən İsrail Baş nazirinin Azərbaycana səfəri mümkün olmayıb. Lakin bu, yalnız rəsmi versiyadır. Digər bir ehtimal isə səfərin marşrutu ilə bağlı Türkiyənin mövqeyi ilə əlaqələndirilir. Belə ki, İsrail Baş nazirinin təyyarəsinin Türkiyə hava məkanından keçməsinə Ankara icazə verməyib. İsraildən Azərbaycana uçuş reysləri üçün yalnız üç mümkün marşrut var: ya İran üzərindən, ya Qara dəniz üzərindən, ya da Türkiyə hava məkanından keçməlidir. İran hava məkanından keçmək variantı istisnadır. Qara dəniz üzərindən keçid isə Rusiya-Ukrayna müharibəsi fonunda çox təhlükəlidir. Belə olan halda Türkiyə marşrutu qalırdı. Lakin görünür ki, Türkiyə bu keçidə icazə verməyib və bu, səfərin baş tutmamasına səbəb olub”.
Müsahibibimiz bildirib ki, bəlkə də, səfər öncəsi Türkiyədən şifahi razılıq alınıb, lakin sonradan İsrailin regionda – xüsusilə Qəzza və Suriyada hərbi əməliyyatları genişləndirməsi Türkiyənin bu qərarı dəyişməsinə gətirib çıxarıb: “İsrailin altmış min ehtiyat əsgəri xidmətə çağırması, əməliyyatların miqyasının artması Türkiyədə narazılığa səbəb olub və bu narazılıq özünü hava məkanının bağlanmasında göstərib. Bu vəziyyət İsrail-Türkiyə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Səfər çərçivəsində Ankara ilə Tel-Əviv arasında münasibətlərin müzakirəsi də planlaşdırılırdı. İndi isə görünən odur ki, münasibətlər yaxın vaxtlarda yaxşılaşmayacaq və gərginlik bir müddət də davam edəcək. Münasibətlərin yumşaldılması üçün hər iki tərəfdən ciddi diplomatik addımlar atılmalıdır”.
Fatimə Nəbiyeva
15:57 05.05.2025
Oxunuş sayı: 907