Deputat: İran Prezidentinin Bakıya səfəri strateji əməkdaşlığın göstəricisidir

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti göstəricisi oldu. Səfər çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr və yüksək səviyyəli görüşlər Azərbaycan–İran əlaqələrinin bütün sahələr üzrə inkişaf etdiyini təsdiqlədi. Hər iki ölkə regional sülh və əməkdaşlıq prinsiplərinə sadiq olduqlarını bir daha nümayiş etdirdi.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva İran Prezidentinin səfəri ilə bağlı Crossmedia.az-a olan açıqlamasında bildirib ki, Azərbaycan və İran arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bu əməkdaşlığın möhkəm təməllər üzərində qurulduğunun bariz nümunəsidir.
Azərbaycan və İran xalqları tarixən mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. Onun sözlərinə görə, dövlət başçılarının səmimi şəraitdə keçən görüşü, fikir mübadiləsi və bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin şəffaf və yüksək səviyyədə olduğunu təsdiqləyir.
Deputat qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb, diplomatik əlaqələr isə 1992-ci ilin martında qurulub. Bu illər ərzində mehriban qonşuluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında əlaqələr davamlı şəkildə inkişaf edib.
“Xalqlarımız arasında tarixi və mədəni bağlar ikitərəfli münasibətlərin bütün sahələr üzrə genişlənməsinə zəmin yaradır. Hazırda ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı və humanitar sahələr üzrə əməkdaşlıq uğurla davam etdirilir”, – deyə deputat vurğulayıb.
Pərvanə Vəliyeva bildirib ki, Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. BMT, İƏT, ECO və Qoşulmama Hərəkatı kimi platformalarda hər iki ölkə eyni mövqedən çıxış edərək strateji əməkdaşlığa sadiqlik nümayiş etdirir.
Görüş zamanı müzakirə olunan əsas məsələlərdən biri də üçtərəfli əməkdaşlıq layihələri, xüsusən də Şimal-Cənub nəqliyyat dəhlizi olub. Deputat bu layihənin iştirakçı ölkələr üçün mühüm iqtisadi səmərə verəcəyini, Azərbaycanın isə dəhlizin fəaliyyəti üçün zəruri infrastruktur layihələrini artıq həyata keçirdiyini bildirib.
Humanitar və mədəni sahələrdə də ənənəvi dostluq münasibətlərinin davam etdiyini qeyd edən deputat yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin də mümkün olduğunu deyib. “Xalqlarımız ortaq tarixə və mədəniyyətə malikdir, bu da əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”, – deyə o əlavə edib.
Deputat bildirib ki, Prezidentlərin görüşündə sülhün möhkəmləndirilməsi, suverenliyin qorunması, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi prinsiplər əsas müzakirə mövzularından olub.
Pərvanə Vəliyeva qeyd edib ki, bu gün Azərbaycan və İran arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. İndiyədək müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. İqtisadi, ticarət və humanitar sahələr üzrə əməkdaşlıq üzrə Dövlət Komissiyası isə 1992-ci ildən fəaliyyət göstərir.
İmzalanan sənədlər arasında “2025–2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, “2025–2026-cı illər üçün nəqliyyat sahəsində Anlaşma Memorandumu”, “Dənizçilərin diplom və sertifikatlarının qarşılıqlı tanınması”, “2025–2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” və “Media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” kimi vacib sənədlər yer alır.
“Azərbaycan və İran regionda siyasi və iqtisadi gücə malik ölkələrdir. Hər iki dövlət öz suverenliyini qorumaq və xalqının rifahını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır”, – deyə deputat Pərvanə Vəliyeva bildirib.
Fatimə Nəbiyeva
10:38 02.05.2025
Oxunuş sayı: 1942