Trampın tarif siyahısından Rusiya və Belarus niyə kənarda qalıb?

ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara qarşı yeni gömrük tarifləri tətbiq etsə də, Rusiya və onun müttəfiqi Belarus bu siyahıya daxil edilməyib. Ukrayna isə siyahıya salınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Trampın bu addımı dünya ictimaiyyətində suallar yaradıb. ABŞ Maliyyə Naziri Skott Bessent "Fox News"a açıqlamasında bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nəticəsində ABŞ ilə bu ölkə arasında ticarət praktik olaraq mövcud deyil. Ağ Evin sözçüsü Karolin Leavitt isə qeyd edib ki, Rusiya ilə "əhəmiyyətli ticarət" aparmaq müharibə və mövcud sanksiyalar səbəbindən mümkün deyil. Lakin statistik məlumatlar bu açıqlamaları tam dəstəkləmir. ABŞ Statistika Bürosunun məlumatlarına görə, 2021-ci ildə ABŞ ilə Rusiya arasındakı ticarət dövriyyəsi 36 milyard dollar təşkil etdiyi halda, bu rəqəm 2024-cü ildə 3.5 milyard dollara düşüb. Bununla belə, bu həcmin sıfıra enmədiyi və Rusiyadan idxal olunan məhsulların, xüsusilə gübrə və qeyri-üzvi kimyəvi maddələrin strateji əhəmiyyət daşıdığı bildirilir.
Qeyd edək ki, məsələyə iqtisadi yanaşma da tam izah vermir. Məsələn, ABŞ ilə Qazaxıstan arasındakı ticarət həcmi Rusiyayla eynidir (təxminən 3.4 milyard dollar), lakin Qazaxıstan məhsullarına 27% tarif tətbiq olunub. Ukraynadan idxal isə 1.2 milyard dollar təşkil edir və bu ölkəyə 10% tarif tətbiq edilib.
Sanksiya altındakı digər ölkələr, məsələn, Venesuela tarif siyahısına daxil edildiyi halda, Rusiya, Şimali Koreya, Kuba və Belarus kimi bəzi ölkələr istisna olunub. Siyasi ekspert Aleksandra Filippenkonun fikrincə, bu addım "simvolik yumşaqlıq" göstəricisidir. BMT-nin məlumatına əsasən, 2024-cü ildə ABŞ Belarusdan cəmi 21 milyon dollarlıq məhsul idxal edib. Buna baxmayaraq, Trampın yeni tarifləri iqtisadi göstəricilərdən çox siyasi qərar kimi qiymətləndirilir.
Bildirək ki, ekspertlər Trampın Rusiyanı tarif siyahısından çıxarmasını Moskva ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş siyasi jest kimi qiymətləndirirlər. Rusiyanın ABŞ-dəki xüsusi nümayəndəsi Kirill Dmitriyevin "Telegram" paylaşımında bildirdiyinə görə, dialoqun bərpası çətin və mərhələli prosesdir, amma hər bir görüş, hər səmimi söhbət bizi irəliləməyə yaxınlaşdırır.
Digər tərəfdən, beynəlxalq münasibətlər üzrə professor Nina Xruşşeva hesab edir ki, Rusiya ilə tariflər üzərindən təzyiq göstərmək hələlik məqsədəuyğun deyil və bu, gələcək mərhələyə saxlanıla bilər. Moskva Dövlət Universitetinin İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Oleg Buklemişev isə Trampın bu addımını “iqtisadi məntiqdən uzaq” adlandırıb. O bildirib ki, Rusiya hələ də ABŞ-ə nüvə yanacağı, gübrə və platina metallar ixrac edir və bu məhsullara yüksək tariflərin tətbiqi ABŞ-də enerji qiymətlərinə mənfi təsir edə bilər.
Buklemişev əlavə edib ki, ABŞ ilə Rusiya arasında əvvəlki səviyyədə ticarət əlaqələrinin bərpası real görünmür. Hətta münasibətlər normallaşsa belə, mövcud maliyyə, logistika və sanksiya məhdudiyyətləri hələ uzun müddət qüvvədə qalacaq.
Fatimə Məmmədova
10:55 08.04.2025
Oxunuş sayı: 1325