Ramazan əslində bir başlanğıcdır

Hər şeyin bir başlanğıcı olduğu kimi, təbiətin və həyatın öz qanununa görə sonu da mövcuddur. Lakin bu sonlar heç də hər zaman bitiş anlamına gəlmir. Onlar, əksinə, yeni üfüqlərin açıldığı, insan həyatının fərqli mərhələlərə keçid etdiyi anları simvollaşdırır. Artıq Ramazan ayının son günlərini yaşayırıq. Bu müqəddəs və mənəvi dərinliyi ilə seçilən ay ruhumuzun, düşüncələrimizin və niyyətlərimizin yenidən doğulması üçün bir vasitədir. Ramazan bizə səbr etməyi öyrədir – ancaq yeməkdən və içməkdən yox, həm də həyatın ən çətin anlarında möhkəm dayanmağı, ağlımızı və qəlbimizi təmiz saxlamağı öyrədir. Bu ay bizdən həm özümüzə, həm də ətrafımızdakı insanlara qarşı mərhəmətli olmağı tələb edir. Paylaşmağın əslində ən böyük zənginlik olduğunu dərk edirik.
Sanki biz Ramazanın öyrətdiyi səbr, paylaşma və sevgi ilə, gələcək günlərə addım atmağa hazır oluruq. Hər keçən gün bizi orucun və duaların nəcib hədiyyəsi olan mənəvi paklığa bir az daha yaxınlaşdırır. Bu ay bizə öz daxili dünyamıza nəzər salma imkanı verir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Ramazan ayı Rəbbimizin lütfü, ehsanı və bütün fəzilətlərini özündə ehtiva edən mübarək bir aydır:
“Artıq bu ayın sonuna yaxınlaşırıq. Təbii ki, bu ayın sonunda bayramı qeyd edəcəyik. Bayramda namaz qılıb, şükürlərimizi ifadə edəcəyik, çünki Allah yer üzündəki insanlıq ailəsini bağışlayır. Bu inamla bayramı qeyd etməyə çalışacağıq. Ramazan ayı özünü tərbiyə ayıdır. İnsanlar bu ayda dilinə, qəlbinə, duyğularına hakim olmağa çalışdılar. Bir ay müdəttində günahdan, haramdan, pis işlərdən çəkinməyi vacib bildilər. Sədəqə verdilər, xeyirxah işlər gördülər, yaxşı yazılar yazdılar, gözəl əməllərə təşəbbüs etdilər. Kimisi Qurana bağlandı, kimisi namaz qıldı, kimisi oruc tutdu, fəqirləri sevindirdi. Səbirli davranmağı bacaran, dilinin ədəbini qoruyan insanlar oldu”.
Onun sözlərinə görə, Ramazan əslində bir başlanğıcdır:
“Bu ay bizə həyatı daha gözəl əxlaqi dəyərlər üzərində qurmağa, Allaha olan bağlılığımızı daha da möhkəmləndirməyə və vətənimizə, millətimizə, insanlara daha xeyirxah davranmağa çalışmaq üçün imkan verdi. Artıq Şəvval ayı gəlir. Onun da altı günlük bir orucu var. Mümkün olduğu qədər bu orucu yerinə yetirək. Dünyada və axirətdə uğur qazanmağın ən gözəl yolu insanın mənəviyyata yönəlməsidir.Ramazan ayı bizə nəfsimizi tərbiyə etməyi, ruhumuzu yüksəltməyi, insanlığımızın zirvəsinə doğru yönəlməyi öyrətdi. Həyat standartlarını daha yaxşı başa düşmək və gözəl insan olmağa çalışmağı öyrətdi. Bir ay ərzində insanlar oruc tutaraq nəfsini, dilini, qəlbini tərbiyə etdi. etdi. Beləcə, ədəbli, əxlaqlı, tərbiyəli bir mühit yaratmaq üçün hər kəs öz töhfəsini verdi.Şeytana, nəfsə və dünyəviləşməyə qarşı ən gözəl mücadilə yolu insanın ədəbli və əxlaqlı davranışı ilə mümkündür.
Allah-Təala bayramımızı mübarək etsin! Mən, ilk növbədə, bütün şəhid ailələrimizi, qazilərimizi və barıt qoxuyan səngərlərdə vətənimizi qoruyan əsgərlərimizi ürəkdən təbrik edirəm. Həmçinin, bütün xalqımızın bayramını təbrik edirəm”,- deyə A.Hacıbəyli fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
11:50 29.03.2025
Oxunuş sayı: 7724