Fitrə zəkatı fitrətin zəkatı, yəni fitrətin təmizlənməsi deməkdir - Açıqlama

Fitrə zəkatı Ramazan ayının nuraniyyətindən süzülüb gələn, sevgi və mərhəmətlə dolu, ehtiyaclıların könlünü sevindirməyə yönəlmiş ən gözəl ibadətlərdən biridir. Fitr bayramından əvvəl imkansız müsəlmanlara təqdim edilən bu zəkat, həm maddi, həm də mənəvi cəhətdən çox böyük önəm daşıyır. Ramazan ayının nurunda dirilən qəlblər sanki fitrə zəkatının işığında daha da parlaq olur.
Hər bir müsəlman özünü və ailəsini qayğı ilə təmin etdiyi kimi, çörəyindən pay ayırıb başqa insanların üzünə də təbəssüm gətirməyi öhdəsinə alır. Əsas məqsəd isə imkansızların Fitr bayramını hər kəs kimi qeyd edə bilməsinə şərait yaratmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığına görə, 2025-ci il üçün fitrə zəkatının məbləği adambaşına təxminən 10-15 manat arasında dəyişir. Bu məbləğ əsasən 3 kiloqram buğda, un və ya digər əsas qida məhsullarının dəyərinə uyğun hesablanır. Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır.
Bununla yanaşı, fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğun sayılır. Pul şəklində təqdim edilən fitrə zəkatı, ehtiyac sahiblərinə öz ehtiyaclarına uyğun şəkildə xərcləmə imkanı yaradır və onların yaşayış şəraitini yaxşılaşdırmağa kömək edir.
Crossmedia.az mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyliyə müraciət edib.
İlahiyyatçı ilk olaraq bildirib ki,fitrə zəkatı Ramazan ayının ən mühüm ibadətlərindən biridir və xüsusilə Ramazan bayramından əvvəl verilir:
“Peyğəmbərimiz (s.a.v.) bu ibadəti təşviq edərək onun böyük əhəmiyyətini vurğulayıb. Fitrə zəkatı fitrətin zəkatı, yəni fitrətin təmizlənməsi deməkdir. Adının göründüyü kimi, bu ibadətin çox böyük önəmi var. Peyğəmbərimiz (s.a.v.) buyurub ki, tutduğumuz oruclar səmada asılı vəziyyətdədir, fitrə sədəqəsi vasitəsilə isə siz orucların haqq dərgahında qəbuluna şərait yaradırsınız. Deməli yer üzündə bir insana sevinc bəxş edərək, ibadətin qəbul olunmasına səbəb olursunuz. Əslində fitrə zəkatının bir çox hikmətindən biri də məhz budur”.
A.Hacıbəylinin sözlərinə görə, fitrə zəkatını adətən imkanlı insanlar yoxsul və ehtiyac içində olan şəxslərə verirlər:
“Bu, cəmiyyətdəki sosial təbəqələşməni aradan qaldırır və varlılarla yoxsullar arasında bərabərliyi təmin edir. Həmçinin, maddi imkanı olanların malına qarşı həsədin qarşısını alaraq, bayram günlərində hər kəsin sevincini paylaşmağa imkan yaradır. Beləliklə, heç kəs bayramsız, yeməksiz və içməksiz qalmır, hamı şadlıq edir. Bu baxımdan, fitrə zəkatı Peyğəmbərimiz (s.a.v.) dövründən bu yana 1400 ildən artıq bir müddətdir ki, müsəlmanlar tərəfindən bu şəkildə yaşadılır. Günümüzdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər il müəyyən bir məzənnə təyin olunur və minimum hədd müəyyən edilir. Təxminən 12 manat həddində təyin olunan bu fitrə sədəqəsi pulla verilir. Amma öncəki dövrlərdə puldan daha çox, hansı qidaya ehtiyac varsa, həmin qida təminatı üzərindən verilib. Məsələn, 3 kilo buğda, arpa, düyü, xurma və ya kişmiş təqdim edilib.Günümüzdə də bəzi insanlar var ki, süfrələrində xurmanın və ya kişmişin qiyməti daha bahalıdır. Yəni, bahalı xurma və ya kişmiş yeyən şəxs 15 manat üzərindən deyil, daha yüksək məbləğdə fitrə sədəqəsi verərsə, daha yaxşı olar. Yəni, nə yeyirsinizsə, ondan infaq edin, o qədərini xərcləyin və bununla zənginlərlə ehtiyaclı insanlar arasında mühüm körpülər qurulsun.
Fitrə zəkatını Ramazan bayramından əvvəl vermək tövsiyə edilir, lakin bayramdan sonra da vermək mümkündür. Vacib olan bu ibadəti vaxtında yerinə yetirib, ehtiyacı olan insanların sevincinə səbəb olmaqdır”,-deyən ilahiyyatçı fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
17:15 25.03.2025
Oxunuş sayı: 1073