Ramin Məmmədov Bakı və Azərbaycan yepiskopu ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 7-də Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun rəhbəri, Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyi vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib.
Mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi məqsədilə maddi yardım ayrıldığını diqqətə çatdıran Komitə sədri qeyd edib ki, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlətin xüsusi diqqət göstərdiyi mühüm sahələrdən biridir.
Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb. Eyni zamanda dövlətin dini icmalara göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini bildirib.
17:21 07.03.2025
Oxunuş sayı: 3775