Ramin Məmmədov: Azərbaycanda dinlə dövlət arasında möhkəm əlaqələr mövcuddur

Azərbaycanda din dövlətdən ayrı olsa da, onlar arasında möhkəm təməllər üzərində qurulmuş əlaqələr mövcuddur.
Crossmedia.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rumıniyada Müsəlman Müftiliyinin təşkil etdiyi iftar mərasimində deyib.
Mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində zəngin tolerantlıq və birgəyaşayış ənənələrinə malik ölkələrin təcrübələrindən istifadə etməyə ciddi ehtiyacın yarandığını bildirən Dövlət Komitəsinin sədri bu kontekstdə Azərbaycan nümunəsinə diqqət çəkib.
Ramin Məmmədov Rumıniyaya səfərinin nəticələrinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə, ortaq dəyərlərin əsasında duran dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Millətçilik və təcridçilik meyillərinin getdikcə daha çox yayıldığı bir dövrdə Şərqi Avropada dinc yanaşı yaşayışın parlaq nümunəsi olan Rumıniyada müsəlman icmasına göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb.
O bildirib ki, Prezident İlham Əliyev dini məsələlərə xüsusi həssaslıqla yanaşır, dövlət büdcəsindən həm İslam, həm də qeyri-islam icmalarına illik maliyyə dəstəyi ayırır, ibadət yerlərinin bərpası və tikintisinə diqqət göstərir. 44 günlük Vətən müharibəsindən sonra ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Qarabağdakı dini-tarixi abidələrimiz bərpa olunur. Azərbaycan “Bakı Prosesi”nin ayrılmaz komponentləri olan Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin Sammitləri və Bakı Beynəlxalq Humanitar Forumları kimi təşəbbüslər vasitəsilə dinlərarası dialoqun inkişafında fəal rol oynayır.
Dini Komitənin sədri çıxışının sonunda Rumıniya müsəlman icmasının üzvlərini mübarək Ramazan ayı münasibətilə təbrik edərək dünyaya sülh, əmin-amanlıq arzulayıb.
Qeyd edək ki, iftar mərasimində Rumıniyanın müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu, Prezident Administrasiyasinin dövlət müşaviri Katalina Galer, Baş nazirin sözcüsü Andrea Ungar, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniç və digər dövlət, hökumət nümayəndələri, müsəlman qurumlarının, elmi və mədəni dairələrin təmsilçiləri iştirak ediblər.
10:05 04.03.2025
Oxunuş sayı: 534