SpaceX raketi Aya çırpılıb
NASA-nın yeni görüntüləri Ayın səthində avqustun əvvəlində SpaceX şirkətinin Falcon 9 raketinin hissəsinin düşməsi nəticəsində yaranan yeni krateri üzə çıxarıb.
CNN-in məlumatına görə, söhbət 15 yanvar 2025-ci ildə buraxılmış Falcon 9 raketinin yuxarı pilləsindən gedir.
Raket iki kommersiya eniş aparatını Ay istiqamətindəki trayektoriyaya çıxarıb. Buraxılışdan sonra raketin ilk pilləsi Yerə qayıtsa da, yuxarı pillə kosmosda hərəkətini davam etdirib.
Missiya başa çatdıqdan sonra SpaceX raketin yuxarı hissəsini kosmosda saxlayıb. Lakin sonradan orbital dinamikanın xüsusiyyətləri səbəbindən həmin hissə Ayla toqquşma trayektoriyasına düşüb. Toqquşma avqustun 5-də baş verib.
Hadisədən sonra alimlər zərbə yerinin görüntülərini əldə etməyə çalışıblar. İlk görüntülərdən birini Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının teleskopu qeydə alıb. Daha sonra Cənubi Koreyanın Danuri Ay orbital aparatı da toqquşmadan əvvəl və sonrakı görüntüləri yayımlayıb.
NASA Koreya Aerokosmik Administrasiyası (KASA) ilə əməkdaşlıq edərək Danuri aparatının məlumatlarından istifadə edib və Ayın Kəşfiyyat Orbiteri üzərindəki yüksək dəqiqlikli kameranı zərbə bölgəsinə yönəldib.
NASA bildirib ki, çəkiliş zamanı Ayın Kəşfiyyat Orbiteri Ayın səthindən təxminən 100 kilometr yüksəklikdə saniyədə 1,6 kilometr sürətlə hərəkət edib. Mütəxəssislər kameranı dəqiq istiqamətləndirmək üçün xüsusi hesablamalar aparıblar.
Agentliyin məlumatına görə, Orbiter təxminən hər iki saatdan bir qütbdən-qütbə Ayın ətrafında dövr edir. Lakin alimlər aparatın yenidən zərbə zonasına uyğun mövqeyə gəlməsi üçün altı gün gözləməli olublar.
NASA qeyd edib ki, çəkiliş zamanı cəmi 10 saniyəlik gecikmə kraterin təxminən 16 kilometr kadrdan kənara düşməsinə səbəb ola bilərdi.
Nəticədə aparat diametri təxminən 18 metr olan yeni krateri qeydə alıb.
NASA mütəxəssisləri bildiriblər ki, raket hissəsinin Aya düşməsi planlaşdırılmasa da, bu hadisə Ay səthi və ya Yer üçün təhlükə yaratmır.
NASA-nın Ay tədqiqatları üzrə eksperti Kelsi Yanq bildirib ki, bu cür avadanlıqların aşağı Ay orbitində utilizasiyası texniki baxımdan qəbul edilən və təhlükəsiz üsuldur.
Alimlər isə toqquşmanın nəticələrindən Ayın səthini daha yaxşı öyrənmək üçün istifadə etməyi planlaşdırırlar. Onların fikrincə, bu müşahidələr gələcək astronavt missiyalarının və kosmik infrastrukturun qorunmasına kömək edə bilər.
04:40 20.08.2026
Oxunuş sayı: 71