COVID-19-un mənşəyi ilə bağlı müzakirələr yenidən alovlanıb
COVID-19 pandemiyasının mənşəyi ilə bağlı müzakirələr ABŞ-nin keçmiş Ağ Evin baş tibb müşaviri Entoni Fauçinin Senatda verdiyi ifadədən sonra yenidən gündəmə gəlib.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, respublikaçı senatorlar Fauçini pandemiya dövründə verdiyi açıqlamalar və qəbul edilən qərarlarla bağlı sorğu-sual ediblər.
Məlumata görə, Fauçinin sualların əksəriyyətinə konkret cavab verməməsi virusun laboratoriya qəzası nəticəsində yayılması ehtimalı ilə bağlı mübahisələri yenidən gücləndirib.
Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Yeni Patogenlərin Mənşəyi üzrə Elmi Məsləhət Qrupunun 2025-ci ilin iyununda dərc etdiyi hesabatda mövcud elmi sübutların virusun əsasən heyvandan insana təbii yolla keçməsi ehtimalını daha güclü göstərdiyi qeyd olunub. Hesabatda həmçinin Çinin erkən yoluxma halları, Uhan Virusologiya İnstitutunda aparılan tədqiqatlar və heyvan bazarları ilə bağlı bütün məlumatları paylaşmaması səbəbindən qəti nəticəyə gəlməyin mümkün olmadığı vurğulanıb.
ABŞ-nin kəşfiyyat qurumları da virusun mənşəyi ilə bağlı vahid mövqeyə malik deyil. Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və Energetika Nazirliyi laboratoriya qəzası versiyasını daha inandırıcı hesab etsələr də, digər bəzi qurumlar virusun təbii mənşəli olması ehtimalını üstün tuturlar.
Müzakirələrin diqqət mərkəzində ABŞ Milli Sağlamlıq İnstitutlarının (NIH) EcoHealth Alliance təşkilatına ayırdığı təxminən 8 milyon dollarlıq maliyyə dəstəyi də yer alır. Həmin vəsaitin bir hissəsi Uhan Virusologiya İnstitutu ilə birgə həyata keçirilən elmi layihələrə yönəldilib. Bununla belə, indiyədək həmin maliyyələşdirmə çərçivəsində SARS-CoV-2 virusunun laboratoriyada yaradıldığını təsdiqləyən elmi sübut təqdim edilməyib.
Çin isə laboratoriya qəzası ilə bağlı iddiaları siyasi manipulyasiya adlandıraraq virusun heyvanlardan insanlara keçdiyini bildirir.
Mütəxəssislərin fikrincə, pandemiyanın mənşəyi yalnız laboratoriya qeydləri, ilkin yoluxma məlumatları və digər xam məlumatlar beynəlxalq ekspertlərin tam istifadəsinə verildikdən sonra dəqiq müəyyən edilə bilər.
03:40 04.08.2026
Oxunuş sayı: 168