İtaliyada banan konteynerindən 770 kiloqram kokain aşkarlanıb
İtaliya hüquq-mühafizə orqanları Ekvadordan gətirilən banan konteynerində gizlədilmiş təxminən 770 kiloqram kokain müsadirə ediblər.
Crossmedia.az xəbər verir ki, "Fox News" bu barədə məlumat yayıb.
Məlumata görə, narkotik vasitə Vado-Liqure limanında aparılan yoxlama zamanı aşkarlanıb. Maliyyə polisi soyuducu konteynerdə bananların arasında gizlədilmiş 650 bağlama tapıb.
Ekspress analiz nəticəsində götürülən maddənin yüksək təmizlik dərəcəsinə malik kokain olduğu təsdiqlənib.
İstintaqın məlumatına əsasən, müsadirə edilən partiyanın qara bazardakı dəyəri təxminən 250 milyon avro qiymətləndirilir.
Hüquq-mühafizə orqanları bildiriblər ki, bu əməliyyat son illərdə Vado-Liqure limanında həyata keçirilən ən iri antinarkotik əməliyyatlardan biri hesab olunur.
İstintaqçılar qeyd ediblər ki, konteyner Cənubi Amerika ilə İtaliya arasındakı ticarət marşrutlarının təhlili nəticəsində müəyyən edilib. Vado-Liqure limanı Avropaya yük daşımalarının əsas qovşaqlarından biri hesab olunur və beynəlxalq narkotik kartellərinin diqqət mərkəzindədir.
17:48 22.07.2026
Oxunuş sayı: 59