Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılır: Avropa üçün soyuq qış gəlir?

Ukraynanın Baş naziri Denis Şmıqalın açıqlamasına əsasən, 1 yanvar 2025-ci il tarixindən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranziti tamamilə dayandırılacaq. Bu qərar, 2019-cu ildə Naftoqaz və Qazprom arasında imzalanmış 5 illik müqavilənin müddətinin bitməsi ilə bağlıdır. Şmıqal bildirib ki, tranzitin yalnız Avropa Komissiyasının tələbi ilə və Rusiya qazı olmamaq şərti ilə bərpası mümkündür.
Lakin bu qərar Avropada narazılıq yarada bilər. Soyuq qış aylarında enerji böhranının dərinləşməsi Avropa ölkələrində sosial və siyasi gərginliklərə səbəb ola bilər. Anti-Ukrayna tərəfdarlarının fəallaşması ehtimalı da gündəmə gəlir. Digər tərəfdən, Ukraynanı dəstəkləyən dövlətlərin və təşkilatların buna reaksiyası maraqla gözlənilir.
Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Ukrayna ilə Rusiya arasında münaqişə başladıqdan sonra Avropa Rusiyadan qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb. Nəticədə, Rusiyanın Avropa bazarındakı qaz payı kəskin şəkildə azalıb. Bayramovun sözlərinə görə, Avropa hazırda alternativ mənbələrdən qaz idxalını artırmağa çalışır.
“Azərbaycanın mavi qazı Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin sonlarından etibarən Azərbaycan qazı Avropa bazarına daxil olub və illik ixracat həcmləri artmaqdadır. Bu ilin ilk aylarında Azərbaycanın mavi qaz ixracı 8% artıb,” - deyə deputat əlavə edib.
Bundan əlavə, Bayramov qeyd edib ki, Avropa enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırıb və Əlcəzairdən qaz tədarükünü genişləndirib. Bu səylər qaz tədarükünü şaxələndirmək və enerji böhranı riskini azaltmaq məqsədi daşıyır.
“Ukrayna-Rusiya münaqişəsi fonunda enerji məsələləri yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edir. ABŞ-ın bu məsələlərdə mövqeyi Avropa üçün istiqamətverici rol oynayır. Lakin enerji ixracı və tranzit məsələlərində risklər qalmaqda davam edir,” - deyə Bayramov əlavə edib.
Bayramov vurğulayıb ki, Azərbaycanın mavi qaz ixracı Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırkı şərtlərdə Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından biri olaraq qalır və bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi gözlənilir.
Avropa və Ukrayna arasında enerji sahəsində qarşılıqlı asılılıq bu münasibətlərin sabitliyini və təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığı zəruri edir. Azərbaycanın bu prosesdə rolu, həm enerji təchizatçısı, həm də Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş kimi önə çıxır.
Nihat Tahirov
13:20 23.12.2024
Oxunuş sayı: 7350