Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib
İslam İnkişaf Bankı (IsDB) və INCEIF Universiteti "Bank Negara Malaysia" (Malayziya Mərkəzi Bankı) ilə strateji tərəfdaşlıq çərçivəsində Bakıda IsDB Qrupunun illik toplantıları çərçivəsində inkişaf sahəsində gələcək liderlərin formalaşdırılmasına yönəlmiş Ümumdünya İslam İqtisadçıları Proqramını (GIEP) təqdim ediblər.
Crossmedia.az bu barədə IsDB-yə istinadən xəbər verir ki, GIEP kadr potensialını gücləndirmək və liderlik bacarıqlarını inkişaf etdirmək üzrə innovativ təşəbbüsdür və onun vəzifəsi yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün qabaqcıl beynəlxalq platforma formalaşdırmaqdır.
Proqramın məqsədi islam iqtisadiyyatı və maliyyəsi sahəsində akademik biliklərlə siyasətin praktiki olaraq formalaşdırılması arasındakı məsafəni azaltmaq və peşəkarlara aktual qlobal iqtisadi çağırışların öhdəsindən gəlməkdə dəstək olmaqdır.
İlk pilot qəbul ASEAN regionu ölkələrindən olan 20 orta rəhbər vəzifəli mütəxəssis üçün nəzərdə tutulub. Bu ilkin qrup dörd əsas istiqamətə – qlobal intellektual liderlik, idarəetmə kadrlarının təlimi, ekspert mentorluğu və siyasət sahəsində tətbiqi tədqiqatlara əsaslanan sistemli və kompleks hazırlıq keçəcək.
Qeyd edək ki, iyunun 16-dan 19-dək Azərbaycanın paytaxtında IsDB Qrupunun "Dayanıqlı rifah naminə regional inteqrasiya" devizi altında birləşən illik toplantıları keçirilir. Forumun tədbirlərində IsDB-yə üzv olan 57 ölkənin dövlət xadimləri, inkişaf sahəsi üzrə mütəxəssisləri və maliyyə sektorunun rəhbərləri, eləcə də digər dövlətlərin nümayəndələri iştirak edirlər.
Azərbaycan IsDB Qrupunun əsas tədbirinə ikinci dəfə – birincidən 16 il sonra ev sahibliyi edir. Ölkə bu forumu ilk dəfə 2010-cu ildə təşkil edib.
21:18 18.06.2026
Oxunuş sayı: 43