Bakı ilə London Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi hazırlayır
Azərbaycan ilə Böyük Britaniya yaxın gələcəkdə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini imzalayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr edilmiş tədbirdə bildirib.
"Yaxın gələcəkdə Azərbaycanla Böyük Britaniya arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ikitərəfli qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə yeni təkan verəcək", - Zeynalov deyib.
O vurğulayıb ki, Azərbaycan və Birləşmiş Krallıq uzun illər ərzində qarşılıqlı etimada və ümumi strateji maraqlara əsaslanan dostluq münasibətlərini qoruyub saxlayır.
"Ümummilli Lider Heydər Əliyev müstəqilliyini yeni qazanmış Azərbaycanla Birləşmiş Krallıq arasında hərtərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verirdi və bu tərəfdaşlığın gələcəyinə qətiyyətlə inanırdı. Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin mühüm ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla münasibətlərin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir", - o bildirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyası müxtəlif sahələrdə birgə təşəbbüslərin təşviqi və həyata keçirilməsi üçün mühüm platforma kimi xidmət edir.
"Biz qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə Azərbaycanla Birləşmiş Krallıq arasında səmərəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə həmişəki kimi sadiqik", - nazir müavini əlavə edib.
20:40 18.06.2026
Oxunuş sayı: 42