Ermənistan minalı ərazilərin xəritəsini niyə Azərbaycana vermir?
Hərbi doktrinalar və beynəlxalq mühəndis-istehkam qanunvericiliyi birmənalı olaraq təsdiq edir ki, döyüş əməliyyatları zamanı basdırılan hər bir mina sadəcə hərbi sursat deyil, həm də ciddi hesabatlılıq tələb edən rəsmi dövlət əmlakıdır. İstənilən nizami ordunun arxiv və sənədləşmə sistemində bütün növ hərbi materialların hərəkəti qeydiyyata alınır ki, bu da minalanmış ərazilərin xüsusi formulyarlarının mövcudluğunu hüquqi və inzibati cəhətdən qaçılmaz edir.
Azərbaycanla Ermənistan arasındakı postmünaqişə dövründə ən aktual mövzulardan birinə çevrilən mina problemi məhz bu hərbi-inzibati reallıqlar fonunda çıxılmaz nöqtəyə dirənib. Rəsmi İrəvanın minalanmış ərazilərin formulyarlarının-xalq dilində "mina xəritələri"nin mövcudluğunu inkar etməsi və ya qeyri-dəqiq məlumatlar təqdim etməsi rəsmi hərbi idarəçilik prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Prosesin bu şəkildə uzadılması regionda humanitar böhranın davam etməsinə səbəb olmaqla yanaşı, postmünaqişə dövrünün bərpa-quruculuq işlərini ləngidir və məsələnin sırf siyasi manipulyasiya alətinə çevrildiyini nümayiş etdirir.

Məsələ ailə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib: "Azərbaycanla Ermənistan arasındakı 44 günlük Vətən müharibəsi başa çatdıqdan və Ermənistan kapitulyasiya aktını imzalayandan sonra minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməli idi. Bu, beynəlxalq konvensiyaların tələbidir. Lakin bu günə qədər Ermənistan dəqiq xəritələri Azərbaycana hələ də təqdim etməyib. Bir çox Ermənistan rəsmisi onlarda başqa xəritələrin olmadığını iddia etsə də, biz yaxşı bilirik ki, əraziyə basdırılan hər bir ədəd minanın qeydiyyatdan çıxarılması üçün onun mütləq sənədləşdirilməsi və aktlaşdırılması lazımdır. Sadə dildə "mina xəritələri" dediyimiz bu sənəd, əslində, minalanmış ərazilərin formulyarıdır. Minalanmış ərazilərin formulyarı ən azı üç nüsxədə hazırlanır: onlardan biri minanı əraziyə basdıran mühəndis xidmətinin qrupunda, ikincisi həmin ərazidə vəzifələrini yerinə yetirən hərbi hissənin qərargahında qalır, üçüncüsü isə Ermənistan Müdafiə Nazirliyinin Mühəndis Xidmətinə göndərilir. Yalnız bundan sonra həmin minalar hərbi hissənin balansından və anbarından silinir.
Ekspert qeyd edib ki, belə olan halda, Ermənistan tərəfindən əraziyə basdırılan minaların xəritələrinin olmaması qeyri-mümkündür. "Hazırda ən azından bu xəritələrin bir nüsxəsi Ermənistan Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının məxfi bölməsində mövcuddur. Bu xəritələrin Azərbaycana verilməməsi ölkəmizin işğaldan azad etdiyi ərazilərin bərpasını və vətəndaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir. Ermənistan bu məsələdə səmimi davranmalı, məsələni tam araşdırıb dəqiqləşdirilmiş xəritələrin Azərbaycana verilməsini təmin etməlidir".
Turqut Ansari
12:30 18.06.2026
Oxunuş sayı: 52