Albaniyada Sazan adası ilə bağlı etirazlar böyüyür
Albaniyada yüzlərlə insan Sazan adasında planlaşdırılan iri turizm layihəsinə etiraz etmək üçün küçələrə çıxıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazlara səbəb ABŞ Prezidenti Donald Trampın kürəkəni Card Kuşnerin adada lüks otellər və turizm kompleksləri tikmək planıdır. Layihənin həyata keçirilməsi üçün böyük həcmdə investisiya nəzərdə tutulur.
Yerli sakinlər və ekoloqlar bildirirlər ki, hökumət layihə ilə bağlı qərarı ictimaiyyətdən gizli şəkildə qəbul edib və məlumat yalnız mediada yayımlandıqdan sonra məlum olub.
Etirazçılar Sazan adasının unikal təbiətinin qorunmasını tələb edir. Onların sözlərinə görə, adada 200-dən çox quş növü yaşayır və iri tikinti işləri həmin ekosistemə ciddi zərər vura bilər. Aksiya iştirakçıları bu narahatlıqlarını ifadə etmək üçün əllərində oyuncaq flaminqolar daşıyıblar.
Albaniya hökuməti isə ittihamları rədd edərək layihənin təbiətə zərər vurmayacağını və bölgənin iqtisadi inkişafına töhfə verəcəyini bildirir.
Məlumata görə, Card Kuşner daha əvvəl Serbiyada da oxşar turizm layihəsi həyata keçirməyə cəhd edib. Lakin həmin layihə ictimai narazılıq və araşdırmalar fonunda dayandırılıb.
Hazırda Albaniyada etirazçılar Sazan adasında nəzərdə tutulan tikinti planlarının da dayandırılacağına ümid edirlər.
01:35 17.06.2026
Oxunuş sayı: 53