115 illik yubiley və itirilmiş onilliklər - Azərbaycan futbolu niyə hələ də özünü tapmayıb?
Azərbaycan futbolunun 115 illik inkişaf yoluna nəzər yetirdikdə, qarşımızda parıltılı yubiley tədbirlərindən daha çox, sistemli problemlərin və itirilmiş onilliklərin xronikası canlanır.
1911-ci ildən bu yana keçən bir əsirdən çox müddət ərzində bir idman növünün tam formalaşması, milli ekolun yaradılması və beynəlxalq arenada sabit yer qazanması üçün kifayət qədər uzun bir zamandır.
Lakin reallıq budur ki, Azərbaycan futbolu hələ də özünüdərk mərhələsində ilişib qalıb və hər yeni uğursuzluqdan sonra "yenidənqurma" şüarları ilə eyni dairə içində fırlanır.
Bu tənqidi mənzərənin mərkəzində dayanan ən böyük problem "nəticəyə fokuslanmış müvəqqəti həllər" strategiyasıdır. Onilliklər boyu Azərbaycan futbolunun idarəçiləri uşaq futboluna, infrastrukturun dərinliyinə və elmi məşq metodikasına sərmayə qoymaq əvəzinə, xarici məşqçilərə və yaşlanmış legionerlərə milyonlar xərcləməyə üstünlük veriblər.
Berti Foqtsdan Robert Prosineçkiyə qədər dünya şöhrətli adların milli komandaya gətirilməsi, əslində, fundamental problemləri ört-basdır etmək üçün istifadə olunan bahalı "kosmetik vasitələr" idi.
Nəticə isə dəyişməz qaldı: milli komandamız hələ də seçmə mərhələlərdə qrup sonuncusu olmamaq üçün mübarizə aparır və böyük turnirlərin qapısından belə keçə bilmir.
Daxili çempionatın vəziyyəti isə futbolumuzun axsaq tərəfidir. Bir vaxtlar Gəncənin, Lənkəranın, Tovuzun, Mingəçevirin tribunaları dolduran futbol klubları bu gün ya yoxdur, ya da “süni nəfəs aparatı”na qoşulmuş vəziyyətdədir.
Futbolun paytaxt mərkəzli bir fəaliyyətə çevrilməsi regionlardakı böyük istedad bazasının itirilməsinə səbəb olub. Bu gün Azərbaycan Premyer Liqası rəqabətdən uzaq, azarkeş marağından məhrum və cəmi bir neçə klubun domine etdiyi sönük bir turnir təsiri bağışlayır.
"Qarabağ"ın Avropadakı fərdi uğurlarını çıxmaq şərtilə, digər klublarımızın beynəlxalq arenada erkən mərhələlərdə silinməsi daxili yarışın səviyyəsinin acınacaqlı göstəricisidir. Bir klubun sistemi üzərində qurulan uğur illüziyası isə bütöv bir ölkə futbolundakı çürüməni gizlətməyə yetmir.
Uşaq futbolundakı boşluqlar isə gələcəyə olan ümidləri hər il bir az da azaldır. Akademiyaların əksəriyyəti müasir futbolun tələblərindən - analitika, düzgün qidalanma, psixoloji hazırlıq və fiziki inkişaf proqramlarından bixəbərdir.
Nəticədə, 17-18 yaşına qədər ümidverici görünən gənclər peşəkar səviyyəyə keçiddə "itirlər". Yerli oyunçuların rəqabətdən qorunması üçün tətbiq edilən "limit" qaydaları isə tənbəl bir nəsil yetişdirib.
Yüksək maaş alan, lakin Avropa klublarının maraq dairəsinə düşməyən yerli futbolçular komfort zonasından çıxmaq istəmir, bu da rəqabət ruhunu kökündən baltalayır.
Nəticə etibarilə, 115 illik tarix bizə öyrətməlidir ki, futbol təkcə pul və stadion deyil, həm də şəffaf idarəetmə, düzgün seleksiya və səbirdir.
Biz hələ də Tofiq Bəhramovun 1966-cı ildəki fitini və ya "Neftçi"nin köhnə bürüncünü danışırıqsa, deməli, zamanı dayandırmışıq. Azərbaycan futbolunun həqiqətən yubiley qeyd etməyə haqqı olması üçün o, bəzəkli ofislərdən tozlu məhəllə meydançalarına qayıtmalı, süni şişirdilmiş büdcələrdən real və davamlı inkişaf modelinə keçməlidir.
Əks halda, növbəti 115 il də sadəcə boşa verilmiş fürsətlərin statistikası olaraq qalacaq.
Türkanə Muradlı
15:54 31.03.2026
Oxunuş sayı: 1731