Diqqətli olun!: Cənab Sİ başınıza bəla ola bilər
Son dövrlər texnologiyanın sürətli inkişafı ilə yanaşı, süni intellektdən qanunsuz məqsədlərlə istifadə halları da artmaqdadır. Xüsusilə süni intellekt vasitəsilə hazırlanmış saxta foto və videoların yayılması, insanların şəxsi həyatına müdaxilə edilməsi və bu materiallarla şantaj hallarının baş verməsi cəmiyyətdə ciddi narahatlıq yaradır. Belə hadisələrdən biri də son günlərdə gündəmə gəlib – süni intellekt vasitəsilə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Maraqlıdır, bu cür hallarla bağlı qanunvericilikdə hansı tənzimləmələr mövcuddur? Süni intellektdən istifadə edərək insanları şantaj edən və onların barəsində rüsvayedici materiallar hazırlayıb yayan şəxsləri hansı hüquqi məsuliyyət və cəza tədbirləri gözləyir? Bu kimi halların qarşısını almaq üçün qanunvericilik hansı mexanizmləri nəzərdə tutur?

Hüquqşünas Ramil Süleymanov bu barədə Crossmedia.az-a açıqlama verib: "Bu, açıq şəkildə hədə-qorxu ilə tələb etmə cinayətinin dispozisiyasına aid olan bir əməldir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 182-ci maddəsi hədə-qorxu ilə tələb etmə maddəsi adlanır. Həmin maddənin tələblərinə görə, şəxsin barəsində rüsvayedici məlumatların yayılması ilə hədələmək, o cümlədən hər hansı formada rüsvayedici məlumatların toplanılması və bu məlumatlardan istifadə etməklə şantaj xarakterli materialların təqdim olunmasına sövq etmək, şəxsi buna inandırmaq, məcbur etmək və ya təzyiq göstərmək yolu ilə onun müəyyən vəsaitini və ya əmlak hüquqlarını ələ keçirmək bu maddənin dispozisiyasına aiddir".
Hüquqşünas əlavə edib ki, bu cür əməllər Cinayət Məcəlləsinin 182-ci maddəsinin sanksiyasının təsiri altına düşür: "Həmin əmələ görə qanunvericilikdə 3 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Əgər bu cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilərsə, yaxud mütəşəkkil dəstə tərəfindən həyata keçirilərsə və ya təkrar törədilərsə, bu halda əməl daha ağır hesab olunur. Belə hallarda Cinayət Məcəlləsinin 182.2-ci maddəsinə əsasən 5 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər. Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericiliyə yeni əlavə və dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Həmin dəyişikliklərə əsasən süni intellekt vasitəsilə hazırlanmış materiallarla bağlı müəyyən tələblər tətbiq olunacaq. Belə ki, süni intellekt vasitəsilə hazırlanmış materialların üzərində bunun süni intellekt məhsulu olduğunu bildirən xüsusi markalanma aparılmalıdır. Əgər belə materiallar markalanmadan paylaşılarsa və ya həmin materialların süni intellekt vasitəsilə hazırlandığı bilinə-bilinə şəxslərin barəsində rüsvayedici məlumatların yayılması məqsədilə istifadə olunarsa, bu da hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib hissəsini yarada bilər. Bu səbəbdən də belə hallarla bağlı qanunvericilikdə müvafiq məsuliyyət və cəza tədbirlərinin tətbiqi nəzərdə tutulur".

İKT eksperti Elvin Abbasov da məsələyə münasibət bildirib: "Süni intellektin qeyri-etik və cinayət xarakterli məqsədlər üçün istifadə edilməsi, xüsusilə "deepfake" texnologiyası vasitəsilə insanların şəxsi nüfuzuna xələl gətirilməsi qlobal miqyasda ciddi narahatlıq doğurur. Bu növ hadisələr texnoloji inkişafın hüquqi boşluqlarla müşayiət olunduğunu göstərir və təbii olaraq həm qanunvericilik səviyyəsində, həm də texnoloji platformalarda daha sərt nəzarət mexanizmlərinin tətbiqini sürətləndirir. Bu cür sui-istifadə halları süni intellektin tamamilə qadağan edilməsinə deyil, daha çox "hədəfli tənzimləmə" və "rəqəmsal su nişanlanması" kimi məhdudiyyətlərə gətirib çıxarır. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq artıq süni intellekt modellərinin daxilinə etik süzgəclərin yerləşdirilməsinə xidmət edir; məsələn, müasir süni intellekt alətlərinin çoxu real insan simaları üzərində qeyri-etik manipulyasiyalar etməkdən imtina edir".
Ekspert qeyd edib ki, açıq qaynaqlı (open-source) modellərin mövcudluğu senzuranın texniki baxımdan tam tətbiqini çətinləşdirir: "Gələcəkdə biz daha çox "məhsul məsuliyyəti" prinsiplərinin gücləndirilməsini görəcəyik. Bu, o deməkdir ki, süni intellekt proqramlarını yaradan şirkətlər istifadəçilərin identifikasiyası və yaradılan kontentin izlənilməsi üçün dövlət qarşısında öhdəliklər götürəcəklər. Vətəndaş məsuliyyəti və hüquqi maarifləndirmə isə bu prosesin ayrılmaz hissəsidir; insanlar bilməlidir ki, süni intellektlə törədilən cinayət adi cinayətdən fərqlənmir və eyni dərəcədə ağır hüquqi məsuliyyət yaradır".
Ayhan
12:08 16.03.2026
Oxunuş sayı: 47