Doyana qədər yemək güllədən betərdir – Novruz süfrələrinin gizli təhlükəsi
Novruz bayramı yaxınlaşdıqca süfrələr daha da zənginləşir, xüsusən çərəzlər, şəkərbura və paxlava daha çox istehlak olunur.
Bayram ab-havası insanları şirniyyata və müxtəlif təamlara daha tez-tez əl atmağa sövq edir. Lakin bu bolluq bəzən ölçünün qaçmasına səbəb olur. Həddindən artıq şirin və çərəz qəbulu orqanizm üçün əlavə yük yaradır. Nəticədə isə allergik reaksiyalar və bəzi sağlamlıq problemləri ortaya çıxa bilir.
Mövzu ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev ümumi olaraq karbohidratlı məhsulların, çörəyin, makaron, düyü və şirin meyvələrin şəkərli diabetin yaranması, artması üçün faktor olduğunu qeyd edib:

"Novruz bayramında da həmçinin, müxtəlif şirniyyatlar hazırlanır. İnsanlar özlərini bu qidalardan qorumalıdır. Bu artıq həkim deyil, insanın özünün öz bədəninə qulluq etməyi bacarmasıdır. Hər hansı bir qidanı qəbul etdikdə, doyana qədər yemək söhbətini yığışdırmalıyıq. Doyana qədər yemək güllədən də betər pisdir və insanın bədən sistemini getdikcə sıradan çıxarır. Belə ki, orqanlar arasında əlaqə pozulur. Necə ki, dərmanın dozası var, qidanın da dozası "doyana qədər yeməməkdir. Çox şirin yeyən az yaşayar".
Qida üzrə ekspert Fərid Səfərovun sözlərinə görə Novruz bayramı ərəfəsində süfrələrdə bolluq olur – quru meyvələr, çərəzlər, paxlava, şəkərbura və digər şirniyyatlar ənənəvi olaraq çox istehlak edilir. Bu qidalar qida dəyəri baxımından zəngin olsa da (enerji, yağ, şəkər, bəzi vitamin və minerallar), normadan artıq qəbul edildikdə bir sıra sağlamlıq riskləri yarada bilər:

"Ümumi sağlamlıq riskləri bunlardır: Qan şəkərinin sürətli yüksəlməsi, paxlava və şəkərbura kimi şirniyyatlar sadə karbohidrat və şəkər baxımından zəngindir. Həddindən artıq qəbul qan qlükozasında kəskin artım, insulin yükünün artması, uzunmüddətli dövrdə insulin rezistentliyinin güclənməsi riskini yaradır. Çəki artımı və piylənmə riski yaradır. Bu məhsulların kalori sıxlığı çox yüksəkdir. Məsələn, 1-2 dilim paxlava bəzən bir əsas yeməyə bərabər enerji verə bilər. Bayram müddətində gündəlik balans pozularsa çəki artımı, qarın piylənməsi, metabolik sindrom riski yüksələ bilər.
Quru meyvələr lifli olsa da, həddindən artıq qəbul köp, qaz, ishal və ya əksinə qəbizlik, mədə yanması və diskomfort yarada bilər.
Xüsusilə çox yağlı şirniyyatlar həzm sistemini yükləyir. Ürək-damar riski yaradır.
Paxlava və digər şirniyyatlarda istifadə olunan yağın növü və miqdarı önəmlidir. Həddindən artıq doymuş yağ və şəkər xolesterinin artmasına, trigliseridlərin yüksəlməsinə, hipertoniya riskinin artmasına səbəb ola bilər".
Ekspert xüsusi risk qruplarının bilməli olduğu məlumatları da paylaşıb:
"Uşaqlarda porsiya nəzarəti çox vacibdir. Həddindən artıq şəkər hiperaktivlik, iştahasızlıq və diş çürüməsi riskini artırır. Şirniyyat əsas yeməyin yerini tutmamalıdır. Çərəz və quru meyvə verərkən boğulma riskinə qarşı diqqətli olmaq lazımdır (xüsusilə 5 yaşdan kiçik uşaqlarda). Metabolizma zəiflədiyi üçün artıq kalori daha tez çəki artımına səbəb olur. Hipertoniya və ürək xəstəlikləri olan yaşlılar yağlı-şəkərli qidalara nəzarət etməlidirlər. Diş problemləri olanlarda çox sərt çərəzlər travma yarada bilər. Diabet xəstələri şəkərli şirniyyatları kiçik porsiyada və əsas yeməklə birlikdə qəbul etmək daha uyğundur. Qan şəkəri nəzarət edilməlidir. Alternativ olaraq şəkərsiz və ya az şəkərli variantlara üstünlük verilə bilər. Hipertoniya və ürək xəstələri duzlu çərəzlərdən uzaq durmalıdırlar. Yağ miqdarına nəzarət vacibdir.Mədə-bağırsaq problemi olanlarda (qastrit, reflüks və s.) çox yağlı və şərbətli şirniyyatlar simptomları artıra bilər. Quru meyvə miqdarı nəzarətdə saxlanmalıdır".
F.Səfərov son olaraq tövsiyyələrini qeyd edib:
"Porsiyanıza nəzarəti edin. (məsələn, 1 ədəd şəkərbura və ya kiçik dilim paxlava kifayətdir).
Şirniyyatı acqarına deyil, əsas yeməkdən sonra qəbul edin. Gün ərzində su qəbulunu artırın. Fiziki aktivliyi az da olsa artırın (gəzinti və s.).
Süfrədə çeşid çox olsa da, hamısından dadmaq məcburi deyil. Bayram süfrəsi sevinc və paylaşım üçündür, sağlamlıq riski üçün yox. Əsas prinsip “tam qadağa” deyil, ölçü və balansdır. Xüsusilə, risk qruplarında olan şəxslər bayramı sağlam şəkildə keçirmək üçün porsiya nəzarətinə və fərdi sağlamlıq vəziyyətinə uyğun seçimlərə diqqət etməlidirlər".
Allerqoloq Nərmin Zakirli mövzunun allergik səbəblərinə toxunub:

"Çərəzlərə qarşı allergiya tez-tez olur. Bunlara əsasən qoz, fındıq, yer fıstığı aiddir. Bu hətta anafilaktik şok da verə bilər. Ona görə də, bütün allergik insanlar mövcud vəziyyətdə əziyyət çəkir. Nə vaxtsa həyatında heç olmasa bir dəfə də allergik reaksiya olubsa bu gün diqqətlə yanaşmaq və eyni zamanda qazlı içkilərdən, moyonezdən, acılı qidalardan da uzaq durmaq lazımdır. Qeyd edim ki, yazın gəlişi ilə tək bu hal deyil, həmçinin allergik konyuktivit də kəskinləşir. Çünki çiçəklənmə dövrü başlayır. Belə ki, çiçək dövrünə qarşı olan reaksiyalar da çox kəskinləşir. Ona görə də öncədən mütləq allerqoloqa yaxınlaşmaq, tədbirlərimizi öncədən görməliyik ki, bayramı da xoş əhval-ruhiyyə ilə keçirək".
Fatimə Məmmədova
10:25 17.02.2026
Oxunuş sayı: 722