Ailə institutları zəiflədikcə, cəmiyyət dayaqsız qalır
Son dövrlər ailə münasibətlərində baş verən dəyişikliklər artıq gizlədilə biləcək səviyyədə deyil – cəmiyyət bunu açıq şəkildə hiss edir. Keçmişdə valideyn-övlad münasibətləri müəyyən sərhədlər və qaydalar üzərində qurulurdu, indi isə bu münasibətlər fərqli müstəvidə özünü göstərir. Uşaqların davranışında artan sərbəstlik, valideynlərin isə məsuliyyəti uşaqdan gizlətmək cəhdi, sosial gərginliyi gündəmə gətirir.
Bu boşluq yalnız evdə qalmır – məktəblərdə, ictimai məkanda da əksini tapır. Artan aqressivlik, valideyn və müəllimə qarşı hörmətsizlik, hətta zorakılıq hadisələrinin yayılması artıq tək-tük hallar deyil, ciddi sosial xəbərdarlıqdır. Sosial media və virtual aləmdə yayılan yanlış nümunələr uşaqlar üçün yönləndirici rol oynayır və real həyatda düzgün sərhəd və məsuliyyət anlayışının itirilməsinə gətirib çıxarır.
Hər bir cəmiyyət üzvü üçün bu sual qaçılmaz olur: Uşaqlarımıza həm qoruyucu, həm də istiqamət verən mühiti necə yarada bilərik? Çünki ailədə balans pozulduqda, bu təkcə ailəni deyil, məktəbi, ictimai mühiti və gələcəyin cəmiyyətini də təhlükəyə atır. Bu gün müşahidə olunan gərginlik və zorakılıq halları yalnız fərdi problem deyil – bu, cəmiyyət üçün ciddi “qırmızı işıq”dır, dərhal diqqət tələb edir.
Ailə münasibətlərində dəyişən balans barədə Crossmedia.az-a açıqlama verən şəxsi inkişaf mütəxəssisi, profayler Təbriz Hacinski bu gün də cəmiyyətimizdə ailə münasibətlərində ciddi dəyişikliklərin açıq şəkildə hiss olunduğunu vurğulayıb:

"Bir vaxtlar ailə tərbiyənin və dəyərlərin əsas mənbəyi idi, bu gün isə ailə daxilində rol və məsuliyyət anlayışı getdikcə zəifləyir. Xüsusilə, valideyn-övlad münasibətlərində yaranan gərginlik artıq geniş yayılmış sosial problemə çevrilib. Keçmişdə valideynlər övlad tərbiyəsində daha sərt üsullara, bəzən fiziki cəzaya da əl atırdı. Bu yanaşma bu gün haqlı olaraq qəbul edilmir. Lakin problem ondadır ki, sərtliyin yerini sağlam valideyn mövqeyi yox, çox vaxt boşluq əvəz etdi. Zorakılıqla mövqe anlayışı bir-birinə qarışdırıldı və nəticədə valideyn “qorxulan fiqur” olmaqdan imtina edərkən, eyni zamanda istiqamət verən rolunu da itirdi. Bu boşluq isə boş qalmır. Onu ya sosial şəbəkələr, ya virtual aləmdə təqdim olunan yanlış nümunələr, ya da aqressiv davranışlar doldurur. Son illərdə valideynə və müəllimə qarşı şiddət hallarının artması təsadüfi deyil. Bu, sadəcə tərbiyəsizlik deyil-sərhədsiz böyüyən emosiyaların nəzarətdən çıxmasıdır".
T.Hacınski son günlər məktəbdə baş verən və cəmiyyəti sarsıdan hadisənin də bunun acı göstəricisi olduğunu təəssüflə qeyd edib:
"10-cu sinif şagirdinin ov tüfəngi ilə müəllimini yaralaması təkcə hüquqi məsələ deyil. Bu hadisə ciddi suallar doğurur: bir yeniyetmə hansı psixoloji vəziyyətə düşməlidir ki, problemi zorakılıqla həll etməyə çalışsın? Bu nöqtədə məsuliyyəti təkcə məktəbin üzərinə atmaq düzgün olmaz. Burada ailədən başlayan, zamanla dərinləşən nəzarət, sərhəd və dəyər boşluğu özünü göstərir. Müasir valideynlərin bir qismi “övladım travma almasın” qorxusu ilə “yox” deməkdən çəkinir. Halbuki, uşaq üçün ən təhlükəli vəziyyət cəza deyil, sərhədsiz mühitdir. Sərhəd olmayan yerdə məsuliyyət formalaşmır, məsuliyyət olmayan yerdə isə hörmət yaranmır. Hörmətin olmadığı münasibətdə isə zorakılıq gec-tez ortaya çıxır. Digər tərəfdən, valideynlər öz stresslərini və daxili problemlərini fərqində olmadan övladlarının üzərinə yükləyir. Uşaq ailədə ya “emosional yük daşıyan”, ya da “nəzarətsiz qərar verən” mövqeyə salınır. Hər iki halda uşaq öz yerini itirir: nə uşaq kimi qorunur, nə də böyük kimi məsuliyyət daşımağa hazır olur. Burada əsas məsələ keçmişə qayıtmaq deyil. Heç kim köhnə, zorakı tərbiyə modelini müdafiə etmir. Amma bir həqiqəti qəbul etməliyik: sağlam ailə üçün dayanıqlı valideyn mövqeyi vacibdir. Bu mövqe qışqırıq deyil, qorxu deyil, zorakılıq deyil. Bu mövqe ardıcıllıqdır, sabit davranışdır və sözlə yox, əməl ilə göstərilən münasibətdir.
Cəmiyyət olaraq biz çox vaxt tərbiyəni iki uc nöqtədə görürük: ya həddindən artıq sərtlik, ya da tam sərbəstlik. Halbuki, düzgün tərbiyə bu iki yanaşmanın ortasında- aydın qaydalar, anlaşma və emosional yetkinlik üzərində qurulur. Bu gün ailədə və məktəbdə müşahidə etdiyimiz şiddət hallarının hamısı bir xəbərdarlıqdır. Bu xəbərdarlıq göstərir ki, ailə münasibətlərinə yenidən baxılmalıdır. Rollar aydınlaşdırılmalı, sərhədlər müəyyənləşdirilməli, valideynlik isə “qorxu yaratmaq” yox, “dayaq olmaq” üzərində qurulmalıdır. Çünki ailə zəiflədikcə, cəmiyyət də dayaqsız qalır".
Fatimə Məmmədova
13:46 10.02.2026
Oxunuş sayı: 488