Süni intellektlə qurulan yalan imperiyası: informasiya müharibəsinin görünməyən cəbhəsi
Dezinformasiya artıq tək-tük yanlış xəbərlər deyil, qlobal miqyasda idarə olunan təhlükəli bir prosesdir. Son illər dünyada dezinformasiyanın yayılma tempi altı dəfədən çox artıb və bu məlumatlar yayıldıqdan sonra onların təsirini aradan qaldırmaq getdikcə daha çətinləşir. Xüsusilə süni intellekt əsaslı texnologiyalar deepfake videolar, saxta audiolar və manipulyativ vizual kontent dezinformasiyanı daha sürətli, daha inandırıcı və daha təhlükəli edir.
Azərbaycan da bu qlobal informasiya müharibəsinin hədəflərindən kənarda deyil. Son dövrlər sosial şəbəkələrdə dövlət başçısının adından yayılan deepfake açıqlamalar, eləcə də Azərbaycan və Türkiyə strateji müttəfiqliyini hədəf alan saxta məlumat kampaniyaları bunu açıq şəkildə göstərir. Medianın İnkişafı Agentliyinin rəsmi açıqlamaları da təsdiqləyir ki, bu cür dezinformasiya cəhdləri təkcə ictimai rəyi çaşdırmaq deyil, eyni zamanda cəmiyyətin dövlətə və mediaya olan etimadını sarsıtmaq məqsədi daşıyır.
Məsələnin daha təhlükəli tərəfi isə ondan ibarətdir ki, dezinformasiyanın bu qədər sürətlə yayılmasının əsas səbəblərindən biri dünya üzrə mediaya olan ictimai etimadın azalmasıdır. Bu isə saxta məlumatlar üçün münbit zəmin yaradır və informasiya təhlükəsizliyini milli təhlükəsizlik məsələsinə çevirir.
Məsələ ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, informasiya cəmiyyətində dezinformasiya çoxsaylı manipulyasiyalar vasitəsilə yayılır: “Bu, klassik dezinformasiyadan daha operativ, daha təsirli və həqiqəti daha dərin şəkildə təhrif edən bir fenomendir. Təəssüf ki, müasir informasiya ötürücü kanallar və kommunikasiya vasitələri kontekstində dezinformasiyaya qarşı mübarizə mexanizmlərinin tempi onun yayılma sürəti ilə uzlaşmır. Nəticədə cəmiyyətdə dezinformasiyanın saysız-hesabsız nümunələrinə rast gəlirik.

Əsas problemlərdən biri də ondan ibarətdir ki, bu prosesdə hüquqi mexanizmlər gecikən mövqedə qalır. Yəni dezinformasiyanın yayılmasının qarşısını yalnız hüquqi vasitələrlə vaxtında almaq mümkün olmur. Cəza tədbirlərinin tətbiqi imkanları da nisbətən məhduddur. Lakin bu, cəmiyyətdə yayılan və ictimai dəyərlərə qarşı yönəlmiş dezinformasiyalara qarşı mübarizə aparmamalı olduğumuz anlamına gəlmir”.
Deputat onu da qeyd etdi ki, bu gün Azərbaycanda dezinformasiyaya qarşı mübarizə istiqamətində müəyyən addımlar atılır, hüquqi əsaslar formalaşdırılır: “Manipulyativ və subliminal informasiya vasitələrinə qarşı həm hüquqi, həm də qanunvericilik müstəvisində yenilənmələr həyata keçirilir. Hüququn informasiya cəmiyyətinə uyğunlaşdırılması, virtual məkanda baş verən cinayətlərin hüquqi məsuliyyətə cəlb edilməsi yollarının axtarışı bu gün də davam edir.
Lakin aydındır ki, konkret və kompleks tədbirlər görülmədiyi müddətcə bu cür hallar davam edəcək. Ona görə də dezinformasiyaya qarşı mübarizədə bütün mümkün metod və vasitələrdən vahid, koordinasiyalı və məqsədyönlü şəkildə istifadə olunmalıdır. Burada ictimai qınaq, siyasi və media savadlılığının artırılması, maarifləndirmə mexanizmləri, eləcə də xarici təsir mənbələrinin və ideoloji yönümlü məlumat axınlarının neytrallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Bu məsələ son dərəcə aktualdır. Çünki dezinformasiya yalnız informasiya problemi deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və cəmiyyətin ideoloji bütövlüyünə yönəlmiş ciddi təhlükədir”.
Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri,media eksperti Müşfiq Ələsgərlinin fikrincə Dezinformasiya mahiyyət etibarilə qədim dövrlərin məhsuludur: “Tarixdə savaşlar, müharibələr, münaqişələr mövcud olduğu dövrdə, informasiya manipulyasiyaları da olub. İnformasiya savaşının bir elementi kimi, o, müxtəlif adlar altında tanınıb. İndiki terminin “dezinformasiya” sözünün məşhurlaşması ötən əsrin 60-cı illərinə təsadüf edir. 1965-ci ildə xüsusi termin kimi elmi ədəbiyyata gətirilib.

Amma son 30 ildə “dezinformasiya”nın xarakteri və kəmiyyəti dəyişib. Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “siyasətin fenomeni” elan edib. Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” da bu yöndə tədqiqatları inkişaf etdirtib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, “dezinformasiya” təhlükəli hal alıb”. Ekspert onu da bildirdi ki, 2026-cı ildə isə Davos Forumu dezinformasiyanı qarşıdakı illərdə dünyanı təhdid edən risklər sırasında 2-ci yerdə göstərib: “Dinamika sürətlidir.10 il ərzində dezinformasiya “siyasətin fenomen”dən “dünyanı təhdid edən riskə” çevrilib. Bu dinamika isə yeni sual formalaşdırır: nə baş verib ki, dezinformasiyanın kəmiyyəti son 10 ildə bu qədər artıb?
“Feyk xəbər” və onun ən zərərli tiplərindən sayılan dezinformasiyanın sürətli artımının səbəbləri barədə danışarkən, 2 mühüm amil önə çəkilir. Onlardan biri internet informasiya resurslarının, xüsusilə sosial şəbəkə platformalarının kəmiyyət və forma baxımından çoxalmasıdır. Analitik mərkəzlər bildirirlər ki, yeni media alətlərinin, xüsusilə, sosial şəbəkə platformalarının inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. Qeyd olunur ki, sosial şəbəkə platformaları “saxta xəbər”i digər kommunikasiya kanallarına nisbətən 6 dəfə daha sürətlə yayırlar. Auditoriyaları da böyükdür. Son statistikaya görə, dünya əhalisinin 70 faizə yaxını bu platformalardan istifadə edir. Azərbaycanda da durum təqribən buna yaxındır, əhalinin 65 faizdən çoxu sosial şəbəkə istifadəçisidir. Generativ süni intellekt texnologiyaları bu tendensiyanı daha da stimullaşdırır. Yəni, sosial şəbəkələr və süni intellekt alətlərinin çoxalması dezinformasiyanı kəmiyyətcə artıran ilk səbəblərdən biri kimi görünür.
İkinci amil isə siyasi gərginliyin qlobal səviyyədə artmasıdır. Münaqişələr, qarşıdurmalar çoxaldıqca, dezinformasiyanın kəmiyyəti də artır. Zatən dezinformasiyanın mahiyyəti budur. “Saxta xəbər”in (Fake news) növləri arasında ən ziyanlı olanı “dezinformasiya”nı digərlərindən fərqləndirən amil budur ki, o, bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş fakt və məlumatları nəzərdə tutur. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.
Mənzərə göz önündədir. Problem aydın görünür. Texnologiya inkişaf etdikcə, generativ süni intellekt alətləri çoxaldıqca, həmçinin, siyasi münaqişələr qızışdıqca, dezinformasiyaların sayı da çoxalacaq. Problem də burdadır. Hər kəs vəziyyətin təhlükəli hal aldığıdan danışır. Bəs çıxış yolu nədədir? Dezinformasiyanın qarşısını almaq üçün təklif edilən modellər fərqlidir, yanaşmalar müxtəlifdir. Dezinformasiyaya qarşı mübarizədə effektiv yol kimi 3 variant göstərilir: Media savadlılığının artırılması, qanunların təkmilləşdirilməsi və bu faktorla mübarizə aparan xüsusi inzibati idarənin yaradılması”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Nəmənd Rüstəmov bildirib ki, dezinformasiya vasitəsilə kütlələrin yanlış istiqamətə yönləndirilməsi hazırda hibrid müharibələrin ən əsas komponentlərindən biridir: “Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da informasiya ekspansiyası ilə məşğul olan, ölkənin zəifləməsini, cəmiyyətin yanlış yönləndirilməsini, dövlət, hökumət və vətəndaş arasında inamın sarsılmasını hədəfləyən qüvvələr bu istiqamətdə davamlı və sistemli fəaliyyət göstərirlər. Biz bunun bariz nümunələrini gündəlik həyatımızda mütəmadi olaraq müşahidə edirik.

Eyni zamanda, istisna deyil ki, dezinformasiyanın sürətlə yayılmasında süni intellekt texnologiyalarının, xüsusilə deepfake kimi alətlərin xüsusi rolu var. Bu gün süni intellekt proqramları qısa zaman ərzində audiovizual kontent hazırlamaq imkanına malikdir və bu texnologiyalar vasitəsilə cəmiyyətə yanlış mesajlar ötürülə, eyni zamanda şantaj halları həyata keçirilə bilər. Bu isə olduqca ciddi və çoxşaxəli bir problemdir”.
Nəmənd Rüstəmov onu da qeyd etdi ki, bu baxımdan akademik və elmi ictimaiyyətin dezinformasiyaya qarşı mübarizədə gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: “Təsadüfi deyil ki, ölkə başçısı dəfələrlə çıxış və hesabatlarında dezinformasiyaya qarşı mübarizəni zamanın çağırışı kimi dəyərləndirib, bununla bağlı aidiyyəti qurumların sistemli və ardıcıl fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. İnformasiya təhlükəsizliyi sahəsində məsul olan dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir və cəmiyyət bu barədə mütəmadi olaraq məlumatlandırılır.
İnformasiya təhlükəsizliyi yalnız informasiya sahəsi ilə məhdudlaşmır — bu, eyni zamanda iqtisadi və siyasi təhlükəsizlik məsələsidir. Sözügedən sahə geniş və kompleks yanaşma tələb edən bir prosesdir. Bununla yanaşı, burada hər bir vətəndaşın üzərinə də ciddi məsuliyyət düşür. Müəllim, jurnalist və ya sıravi vətəndaş olmasından asılı olmayaraq, hər kəs öz rolunu və məsuliyyətini dərk etməlidir.
İnformasiya təhlükəsizliyi ilk növbədə yayılan hər bir məlumata kor-koranə inanmamaqdan başlayır. Bu gün hər birimizin əlində smart cihazlar var və gün ərzində sosial şəbəkələr, müxtəlif platformalar vasitəsilə saysız-hesabsız məlumatlarla qarşılaşırıq. Dezinformasiyadan qorunmaq üçün hesab edirəm ki, informasiya təhlükəsizliyi mövzusu təkcə ali təhsil müəssisələrində deyil, eyni zamanda orta məktəblərdə də tədris olunmalıdır. Çünki informasiya təhlükəsizliyinin əsas hədəf qruplarından biri informasiya ilə işləmək təcrübəsi olmayan yetkinlik yaşına çatmayan uşaqlardır.
Bununla yanaşı, ideoloji və sosioloji istiqamətdə də davamlı maarifləndirici işlər aparılmalıdır. Məsələn, Medianın İnkişafı Agentliyi bu sahədə müxtəlif tədbirlər təşkil edir, universitetlərdə media savadlılığı ilə bağlı silsilə layihələr həyata keçirilir, könüllülük proqramları icra olunur. Gənclər bu informasiya mübarizəsində aktiv şəkildə səfərbər edilirlər. Lakin bu fəaliyyətlərin daha sistemli, daha genişmiqyaslı və davamlı xarakter alması məqsədəuyğun olardı”.
Həmayıl Şükürova
12:00 09.02.2026
Oxunuş sayı: 695